Accessibility links

ABŞ İranın İsrailə hücumuna qarşı “inanılmaz hərbi nailiyyəti” alqışlayır


Ağ Ev tərəfindən təqdim edilən bu fotoda prezident Co Bayden Ağ Evdə aprelin 13-də keçirilən görüş zamanı İranın İsrailə davam edən hava hücumu ilə bağlı milli təhlükəsizlik komandasının üzvləri ilə yeni məlumatları müzakirə edir.
Ağ Ev tərəfindən təqdim edilən bu fotoda prezident Co Bayden Ağ Evdə aprelin 13-də keçirilən görüş zamanı İranın İsrailə davam edən hava hücumu ilə bağlı milli təhlükəsizlik komandasının üzvləri ilə yeni məlumatları müzakirə edir.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbinin bildirdiyinə görə, İsrail, ABŞ və digər tərəfdaşların İran tərəfindən buraxılan “300-dən çox pilotsuz təyyarə və raketin” qarşısını alması “inanılmaz hərbi nailiyyət” olub.

Kirbi bazar günü səhər CNN və NBC telekanallarına bildirib ki, İsraili hədəf alan “onlarla pilotsuz təyyarə və raket” ABŞ qüvvələri tərəfindən vurulub.

ABŞ müdafiə naziri Lloyd Austin şənbə günü axşam açıqladığı bəyanatda partlayıcı dron və raketlərin İran, İraq, Suriya və Yəməndən atıldığını bildirib.

“Biz İranı öz proksi qüvvələri də daxil olmaqla növbəti hücumları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırırıq”, ABŞ müdafiə naziri deyib. “Biz İranla münaqişəyə can atmırıq, lakin qüvvələrimizi qorumaq və İsrailin müdafiəsini dəstəkləmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”, Austin bəyanatında bildirib.

ABŞ prezidenti “İranın azğın hücumuna vahid diplomatik cavabı koordinasiya etmək” üçün bazar günü Böyük Yeddilər (G7) liderləri ilə video toplantı keçirir.

Bayden şənbə günü açıqladığı bəyanatda Qərbin Yaxın Şərqdə altı aydır davam edən münaqişəni daha da genişləndirmək istəmədiyini vurğulayıb.

“Mənim komandam regiondakı həmkarları ilə qarşılıqlı əlaqədə olacaq. Və biz İsrail liderləri ilə sıx əlaqə saxlayacağıq” - deyə, Bayden açıqladığı bəyanatda bildirib. “Və bu gün qüvvələrimizə və ya obyektlərimizə hücum görməsək də, bütün təhdidlərə qarşı ayıq-sayıq qalacağıq və insanlarımızı qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik”, ABŞ prezidenti bəyan edib.

Bayden şənbə günü axşam İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışaraq, “Amerikanın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini” bir daha təsdiqləyib.

Medianın məlumatına görə, Bayden Netanyahuya deyib ki, İranın hücumu çox az itki və dağıntıya səbəb olduğu üçün İsrail İrana qarşı cavab tədbirləri görməməlidir.

Siyasi opponentlər Demokrat prezident və onun sələfi olan Respublikaçı Donald Trampın yenidən qarşı-qarşıya gələcəyi seçkiyə yeddi aydan az bir müddət qalmış Bayden administrasiyasının İran hücumuna cavabını yaxından izləyəcəklər.

Şənbə günü Pensilvaniya ştatının Şneksvill şəhərində mitinqdə çıxış edən Tramp deyib ki, “biz hakimiyyətdə olsaydıq, hücum baş verməzdi”.

O bunun necə edilə biləcəyi barədə detallara varmayıb.

Müdafiə rəsmiləri cümə günü ABŞ qüvvələrinin Yaxın Şərqdəki obyektlərə əlavə əsgəri qüvvə və texnika daşımağa başladığını təsdiqləyiblər. Birləşmiş Ştatlarrun regionda 40 minə yaxın əsgəri var.

The Wall Street Journal qəzetinin məlumatına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri İranın hücumu ərəfəsində dronlar və raketləri ələ keçirə bilən iki idarə olunan raket esminesi İsrailə yaxınlaşdırıb.

ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdəki qüvvələri daha əvvəl İranın müttəfiqi olan husi qüvvələrinin Yəməndən İsrailə doğru atdığı uzaqmənzilli raketləri ələ keçirib.

BMT Təhlükəsizlik Şurası BMT baş katibi Antonio Quterreşin iştirakı ilə bazar günü günortadan sonra İranın İsrailə hücumu ilə bağlı təcili iclas keçirəcək.

Forum

XS
SM
MD
LG