Accessibility links

Siyasi fəal Əlirza Fərşiyə qarşı ittiham oxunub


Əlirza Fərşi, siyasi fəal
Əlirza Fərşi, siyasi fəal

Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində yaşayan türk dil haqları müdafiəçisi Əlirza Fərşi daha əvvəl aldığı çağırış vərəqəsinə uyğun olaraq bazar günü prokurorluğa müraciət edib.

Hüquq müdafiəçiləri bu barədə fəalın öz Instagram səhifəsində paylaşdığı yazıya istinadən məlumat yayıblar.

Fərşiyə “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamının irəli sürüldüyü bildirilir. Bazar günü Mərənd prokurorluğuna müraciət edən tanınmış fəala ittiham oxunub və Instagram səhifəsində paylaşdığı məzmunlar ilə bağlı suallar soruşulub.

Əlirza Fərşinin öz sosial media səhifəsində bildirdiyinə görə, o, prokurorluqda Urmiyə gölü, assimilyasiya, Azərbaycan Milli Höküməti və bəzi siyasi mövzular haqqında paylaşdığı yazılarla əlaqədar sualları cavablandırıb.

Fərşi fevral ayında həmin işlə bağlı Tehran vilayətinin Baharistan şəhərinə məhkəməyə çağırılmışdı. Ancaq onun Mərənd sakini olduğu üçün işə Şərqi Azərbaycan vilayətinin məhkəmələrində baxılacağına qərar verilib.

Əlirza Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl uzun müddət həbsdə saxlanılıb və universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O, Dünya Ana Dili Günü tədbirlərinə qatılmaq və türkcə kitab paylamaq kimi fəaliyyətlər səbəbilə mühakimə olunub. Fərşinin rəhbərlik etdiyi “Kəndimiz Vəqfi” keçən illərdə yürütdüyü “Hər kənd üçün bir türkcə kitab evi” kampaniyası çərçivəsində İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərdə türkcə kitablar hədiyyə edilirdi. Həmin vəqfin fəaliyyətləri daha sonra ona qarşı çıxarılan məhkəmə hökmündə dəlil hesab edilib.

Forum

XS
SM
MD
LG