Accessibility links

Daha iki milli fəal Evin məhkəməsinə çağırılıb


Sağdan milli fəallar Aydın Məhəmmədi və Vədud Əsədi
Sağdan milli fəallar Aydın Məhəmmədi və Vədud Əsədi

Keçən fevralda həbs edilən daha iki milli fəal məhkəməyə çağırılıb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, milli fəallar Vədud Əsədi və Aydın Məhəmmədi son müdafiələrini təqdim etmək üzrə Tehrandakı Evin məhkəməsinə çağırılıb.

Gilan vilayətinin Rəşt şəhərində yaşayan Vədud Əsədi və Ərdəbil sakini olan Aydın (Süleyman) Məhəmmədi Evin həbsxanasının yaxınlığında yerləşən 33 saylı Şəhid Müqəddis rayon prokurorluğuna çağırılıblar. Milli fəallara göndərilən məhkəmə bildirişində məhkəməyə müraciət etmələri üçün 5 gün vaxt verildiyi qeyd edilib.

Vədud Əsədi fevralın 6-da Rəşt şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, daha sonra Evin həbsxanasının təcridxanasına köçürülmüşdü. O, təqribən bir ay nəzarətdə saxlanıldıqıdan sonra martın 9-da 800 milyon tümənlik girov müqabilində məhkəmənin son hökmü çıxana qədər sərbəst buraxıldı.

Fevralın 5-də Ərdəbildəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Aydın Məhəmmədi isə, mart ayının birinci həftəsində Evin həbsxanasından 800 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Milli fəallar Tehranda məhkəmə müstəntiqi qarşısında onlara qarşı irəli sürülən “daxili təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamından özlərini müdafiə edəcəklər.

Fevral ayının 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində 15-dən çox türk fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və sorğu-suala çəkilmək üzrə təhlükəsizlik qüvvələrinin təcridxanası kimi tanınan Evin həbsxanasının 209-cu bölməsinə köçürülüb.

Həbs edilən fəallardan bir neçəsinin girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmasına izin verilsə də, milli fəallar Əbdüləziz Əzimi Qədim, Mürtəza Pərvin, Hüseyn Piri, Tahir Nəqəvi və Kərəm Mərdanə, Araz Əman və Ayaz Seyfxah hələ də həbsdə saxlanılır.

Forum

XS
SM
MD
LG