Accessibility links

Tehranda 4 azərbaycanlı məhbus fəalın məhkəmə iclası keçirilib


Evin həbsxanasında saxlanılan 4 azərbaycanlı fəal Tehran Ümumi və İnqilab Prokurorluğunun 5-ci istintaq şöbəsində mühakimə olunub.

Bu barədə Abbas Lisani adlı Telegram kanalı məlumat yayıb.

Evin həbsxanasındakı məhbuslardan Mürtəza Pərvin, Hüseyn Piri, Tahir Nəqəvi və Kərəm Mərdanə dünən, aprelin 14-də Evin həbsxanasının yaxınlığında yerləşən 33 saylı Şəhid Müqəddis rayon prokurorluğuna aparılıb.

Evin həbsxanasının yanında yerləşən bu məhkəmə təhlükəsizlik ittihamları ilə bağlı işləriə baxdığı bildirilir. İranda dinc və mədəni şəkildə fəaliyyət göstərən siyasi fəallar ümumiyyətlə hakimiyyət tərəfindən "təhlükəsizlik məhbusları" kimi qəbul edilir və onlar üçün siyasi məhbus statusundan istifadə edilmir.

Azərbaycanlı siyasi məhbuslar özlərini həmin məhkəmədə prokurorluq müstəntiqi qarşısında müdafiə edib.

Yayımlanan xəbərə görə, işin müstəntiqi məhkəmə iclasında Mürtəza Pərvini uzunmüddətli həbslə hədələyib və ona qarşı irəli sürülən ittihamların qəbul etməsini istəyib.

Bu fəalların dindirilməsinin başa çatmasına və Evin həbsxanasının ümumi bölməsinə köçürülməsinə baxmayaraq, məhkəmə orqanları onların müvəqqəti azadlığa buraxılmaları üçün girov təyin və qəbul etməkdən imtina edirlər.

Fevral ayının 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində bir çox türk fəal həbs edilib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada dərc etdikləri məlumatlara görə, bu üç gündə ən azı 15 türk fəal həbs edilib və indiyədək onların arasında Vədud Əsədi, Salar Tahir Əfşar, Səid Dustan, Aydın Məhəmmədi, Səid MinayiAbdullah Vahidi müvəqqəti olaraq Tehrandakı Evin həbsxanasından zaminə buraxılıblar. Lakin qalan məhbusların taleyi ilə bağlı məlumat yoxdur.

Bəzi yayımlanan xəbərlər göstərir ki, həbsi davam edən fəalların işinə baxan məhkəmə orqanları həbs müddətini bir neçə dəfə uzadıb və onların müvəqqəti azadlığa buraxılmasına mane olub.

Forum

XS
SM
MD
LG