Accessibility links

Milli Şura mayın 5-nə mitinq təyin edib


Milli Şura mitinqi (Arxiv foto)
Milli Şura mitinqi (Arxiv foto)

Demokratik Qüvvələrin Milli Şurası mayın 5-nə yeni mitinq təyin edib. Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Sssinə deyib.

Onun sözlərinə görə, mayın 5-nə təyin edilmiş mitinqin tələbləri Bakı şəhər İcra Hakimiyyətinin aprelin 21-də keçirilməsini məqsədəuyğun hesab etmədiyi aksiyanın tələbləri olacaq.

“Amma tələblərimizə bəzi əlavələr də edəcəyik”, o qeyd edib.

Xatırladaq ki. aprelin 21-nə təyin edilən mitinqin əsas tələbləri siyasi məhbuslara azadlıq, seçki islahatları (təbliğat mitinqlərinin keçirilməsinə maneə törədilməməsi, seçki komissiyalarında real müxalifətin təmsilçiliyinin təmin olunması), əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması (uşaq pulunun verilməsi, müavinət, pensiya və maaşların artırılması), quru sərhədlərin açılması və Rusiya ordusunun Azərbaycandan çıxarılması olub.

“Doğrudur, tələblərimizin biri ilə bağlı, yəni Rusiya Ordusunun Azərbaycandan çıxarılması ilə bağlı hərəkətlər edilir. Dövlət başçıslarının bu barədə razılıq əldə etdiyi bildirilir. Amma qoşunların çıxarılması hələ tam başa çatmayıb. Hələ ki, Rusiya qoşunlarının Azərbaycandan tam çıxarılması barədə məlumatlar yoxdur. Bu səbəbdən 5 may mitinqimizin tələbləri arasında Rus qoşunlarının çıxarılması tələbi qalacaq”, o qeyd edib.

Həsənli deyib ki, daha bir ciddi tələb də irəli sürüləcək.

“Bu Azərbaycanın 22 fevral 2022-ci ildə Rusiya ilə bağlanmış müqavilədən (Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən söhbət gedir-red) imtina edilməsi tələbidir. Bu sənəddə Azərbaycanın suverenliyini məhdudlaşdıran maddələr var. Azərbaycan qanunvericiliyinə görə prezident Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən sənədlər imzalaya bilməz. Bu sənəddə prezident öz səlahiyyətlərini bir az aşıb. Çünki orada məsələn, Azərbaycanla Rusiya arasında xarici siyasətin koordinasiya edilməsi var. Bu nədir? Azərbaycan öz istədiyi kimi xarici siyasət yeridə bilməz. Xarici siyasəti Rusiya ilə koordinasiya etməlidir, Rusiyanın maraqlarını gözləməlidir. O sazişdə 6-7 maddə Azərbaycanın suverenliyini məhdudlaşdırır”, Həsənli qeyd edib.

Xarırladaq ki, aprelin 17-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə rədd cavabı verib.

Azərbaycanda sonuncu mitinq Milli Şuranın təşkilatçılığı ilə 2019-cu ilin yanvarında baş tutub. Mitinqdə Müsavat və Respublikaçı Alternativ partiyaları da iştirak edib. Daha sonra hökumət həmin ilin sonunda yalnız 1 piketə razılıq verib.

Müxalifətin mitinq keçirməklə bağlı çoxsaylı müraciətlərinə ya rədd cavabı verilib, ya da aksiyanı Bakının mərkəzi yerlərindən kənarda keçirmək təklif olunur.

Hökumət rəsmiləri Azərbaycanda fundamental azadlıqların, o cümlədən toplaşma, birləşmə azadlıqlarının tam təmin edildiyini, insanların iradələrinə görə təqib edilmədiyini bildirir.

Forum

XS
SM
MD
LG