Accessibility links

İsrailin Qəzzaya zərbələr endirdiyi vaxt atəşkəslə bağlı diplomatik səylər güclənir


Fələstinli uşaqlar Qəzza zolağının cənubunda Rəfahda İsrailin zərbə endirdiyi ərazini yoxlayır, 27 aprel 2024.
Fələstinli uşaqlar Qəzza zolağının cənubunda Rəfahda İsrailin zərbə endirdiyi ərazini yoxlayır, 27 aprel 2024.

İsrailin bazar günü növbəti hava hücumları və raket zərbələri həyata keçirdiyi vaxt Qəzzada uzun müddətdir gözlənilən atəşkəs və girovların azad edilməsinə dair razılığa nail olmaq üçün diplomatik səylər artırılıb.

Qrupun oktyabrın 7-də hücumundan sonra HƏMAS militantları tərəfindən girov götürülmüş iki nəfərin götünrülərinin əks etdirildiyi yeni video nümayişçilərin hökumətə razılığa gəlmək üçün təzyiq göstərdiyi İsraildə yeni yeni qəzəb dalğasına səbəb olub.

Eyni zamanda, Qəzza zolağında baş verən humanitar böhrana qlobal etirazlar artır. Dünya liderləri və yardım qrupları İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə mümkün müdaxiləsinin böyük mülki itkilərə səbəb olacağı barədə xəbərdarlıq edirlər.

Fələstin prezidenti Mahmud Abbas bazar günü ABŞ-a İsrailin Rəfaha müdaxiləsinin qarşısını alması üçün müraciət edərək, bunun “Fələstin xalqının tarixində ən böyük fəlakət” olacağını deyib.

Abbas Səudiyyə Ərəbistanında keçirilən qlobal iqtisadi sammitdə deyib ki, İsrailin əsas müttəfiqi və silah təchizatçısı olan Birləşmiş Ştatlar İsraili “bu cinayəti törətməkdən” çəkindirməyə qadir olan yeganə ölkədir.

HƏMAS şənbə günü medianın Misir nümayəndə heyətinin dayandırılmış danışıqlara başlamaq üçün İsraildə olduğu barədə məlumat verməsindən bir gün sonra İsrailin atəşkəs və girovların azad edilməsi ilə bağlı yeni əks təklifini öyrəndiyini bildirib.

Misir, Qətər və ABŞ noyabr ayında döyüşlərin bir həftəlik dayandırılması nəticəsində 80 israilli girovun İsrail həbsxanalarında saxlanılan 240 fələstinli ilə mübadilə edilməsindən bəri yeni atəşkəsə vasitəçilik etməyə çalışır.

HƏMAS daha əvvəl daimi atəşkəsdə israr edirdi. İsrail bu şərti rədd edir.

Atəşkəs danışıqlarında “impuls”

Mahmud Abbas bazar günü Ər-Riyadda ABŞ dövlət katibi Antoni Blinkenin və atəşkəsə vasitəçilik etməyə çalışan digər ölkələrin yüksək səviyyəli rəsmilərinin də qatılacağı gözlənilən Dünya İqtisadi Forumunun (WEF) sammitində çıxış edib.

WEF prezidenti Borge Brende bildirib ki, İsrailin iştirak etməməsinə baxmayaraq, digər əsas oyunçular atəşkəs danışıqlarını və Qəzza zolağında humanitar vəziyyəti müzakirə edəcəklər.

“Hazırda girovlarla bağlı danışıqlarda yeni impuls, eləcə də... Qəzza zolağında üzləşdiyimiz çıxılmaz vəziyyətdən mümkün çıxış yolu var”, o deyib.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrail rəsmilərinin bildirdiyinə görə, İsraildə əksəriyyəti mülki şəxslər olmaqla, təxminən 1170 nəfərin həlak olması ilə nəticələnən görünməmiş hücumu ilə başlayıb.

HƏMAS-ın idarə etdiyi Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin HƏMAS-a qarşı cavab hücumu Qəzzada əksəriyyəti qadın və uşaqlar olmaqla, azı 34 454 nəfərin həyatına son qoyub.

İsrail oktyabrın 7-də militantlar tərəfindən girov götürülən 129 girovun hələ də Qəzzada saxlanıldığını təxmin edir.

Qəzzanın səhiyyə nazirliyi bazar günü bildirib ki, son 24 saat ərzində ən azı 66 nəfər ölüb.

Fransa xəbər agentliyinin müxbirinin verdiyi məlumata görə, İsrail gecə ərzində Qəzzada hava hücumları həyata keçirərək, cənubda Xan Yunis şəhərində üç evi vurub. İsrailin həmçinin Qəzza şəhəri və Rəfaha hücumlar təşkil etdiyi bildirilir.

İsrail hərbi qüvvələri təyyarələrin onlarla terror obyektini vurduğunu bildiriblər.

BMT-nin məlumatına görə, Qəzza əhalisinin əksər hissəsi Rəfaha sığınıb, onların çoxu zorakılıqdan qaçaraq başqa yerlərdə müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Beynəlxalq etirazlara baxmayaraq, İsrail hərbi qüvvələrinin HƏMAS-ın girov saxladığını bildirdiyi şəhəri işğal edəcəyinə söz verib.

Forum

XS
SM
MD
LG