Accessibility links

Məhkəmə birinci qrup əlil olan ictimai fəalı həbsdə saxlaylb


Famil Xəlilov
Famil Xəlilov

Mayın 14-də Bakının Binəqədi Rayon Məhkəməsi ictimai fəal, birinci qrup əlil Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, Xəlilov məhkəmədə iştirak edib.

Fəal məhkəmədə bildirib ki, hər iki qolu iflic olduğu halda onun narkotik ticarətində ittiham olunması absurddur.

"Bu vəziyyətdə mən necə narkotik sata bilərdim?" o, prosesə sədrlik edən hakim Aynurə Sadıqovaya sual edib.

Vəkil bildirib ki, cinayəti sübut edəcək heç bir dəlilin olmamasına baxmayaraq, məhkəmə Xəlilovu həbsdə saxlayıb.

Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

Xəlilov sığınacaq almaq ümidi ilə bir neçə il İsveçdə yaşayıb. İsveçdə onun vəziyyətini yüngülləşdirmək məqsədilə hər üç aydan bir xüsusi iynə vurulurmuş. Bir il əvvəl, Azərbaycana deportasiya edildikdən sonra o, bu tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.

Qollarının iflic olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal olub və kompüterdə ayaq barmaqları ilə yazıb. O, hakimiyyəti tənqid edirdi və insanları etiraz aksiyalarında iştiraka çağırırdı.

Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Forum

XS
SM
MD
LG