Accessibility links

Vəkil: Ələsgər Məmmədlinin analizinin cavabı həqiqətə uyğun deyil


Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli
Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli

"Toplum TV"-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin analizinin cavabları məlum olub.

Bu barədə vəkil Aqil Layıc məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən göndərilən məktubda deyilir ki, aprelin 26-da Ələsgər Məmmədli əlavə müayinələrə cəlb edilib.

"Cavabda yazılıb ki, qanda hormonların səviyyəsi norma civarında olub. Qeyd olunur ki, Milli Onkologiya Mərkəzinin onkoloqu ilə konsultasiya edilib və onkoloq hazırda kəskin onkoloji prosesin izlənilmədiyini, sitoloji təhlil üçün düyünün histoloji müayinəsinin təcili aparılmasına zərurət olmadığını, planlı qaydada keçirilməsinin mümkünlüyünü bildirib. Həmçinin yazıblar ki, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı şikayəti olmayıb", vəkil bildirib.

Vəkilin dediyinə görə, məktubda yazılanlar həqiqətə uyğun deyil.

"Qalxanabənzər vəzində olan düyünün ölçüsü 23 millimetrdir. Bu da tibbi zərurətə əsasən həmin şişin histoloji müayinəsini zəruri edir. Ələsgər bəy qeyd edir ki, onunla bağlı ciddi müayinə aparmayıblar, histoloji müayinənin aparılmasına ümumiyyətlə texnikaları yoxdur. Ələsgər bəy həkimə deyib ki, artıq onun boğazında olan düyünlər onu yatmağa belə qoymur, boğulmalar baş verir", o bildirib.

Aqil Layıc qeyd edib ki, Ələsgər Məmmədlinin biopsiya müayinəsi üçün yenidən Baş Tibb İdarəsinə müraciət edib.

Öz növbəsində, Penitensiar Xidmət rəsmi olaraq Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məlumatlara hələ münasibət bildirməyib. Penitensiar Xidmətin Müalicə Müəssisəsi isə məlumat almaq üçün nəzərdə tutulan telefonlarına cavab vermir.

Ələsgər Məmmədli martın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl, martın 6-da "Toplum TV" və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. Onlardan 5-nin barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.

Forum

XS
SM
MD
LG