Accessibility links

Fələstin səhiyyə rəsmiləri İsrail qüvvələrinin İordan çayının qərb sahilinə reyd zamanı 7 nəfəri öldürdüyünü bildirir


İsrail qüvvələri çərşənbə axşamı işğal altında olan İordan çayının qərb sahilində ölümcül reyd keçirib və Qəzza zolağının cənubunda HƏMAS militantları ilə döyüşüb.

Fələstin səhiyyə rəsmiləri İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə reyd zamanı 7 nəfəri öldürdüyü barədə məlumat verib. Cenin dövlət xəstəxanasının rəhbəri ölənlərdən birinin cərrah olduğunu bildirib.

İsrail ordusu militantları hədəf alan əməliyyat barədə məlumat verib və hərbi qüvvələrinin bir neçə döyüşçünü vurduğunu bildirib.

İsrail hərbi qüvvələri bildirib ki, İsrailin quru qoşunları və təyyarələri Qəzzanın cənubundakı Rəfahda döyüşlərdə iştirak edib, əsgərlər Qəzzanın mərkəzi və şimalında militantlarla döyüşüb.

Bu arada İsrailin müdafiə naziri Yoav Qallant Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru tərəfindən onun və baş nazir Benyamin Netanyahunun həbsinə order verilməsi ilə bağlı müraciəti rədd edib.

Qallant çərşənbə axşamı bəyanat yayaraq, ona və Netanyahuya qarşı həbs orderlərinin verilməsi haqda müraciəti “rüsvayçılıq” adlandırıb.

“Prokuror Kərim Xanın İsrail dövlətinin özünümüdafiə və girovlarını azad etmək hüququndan məhrum etmək cəhdi qəti şəkildə rədd edilməlidir” - deyə, Qallant X sosial şəbəkində şərhində yazıb.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan mayın 20-də İsrail və HƏMAS arasında müharibə ilə əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant, eləcə də Qəzzada HƏMAS-ın üç liderinin müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməklə əlaqədar həbsinə order verilməsini istədiyini açıqlayıb.

Netanyahu bazar ertəsi prokurorun hərəkətinin “tarixi ölçüdə mənəvi təhqir” olduğunu deyib.

ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun HƏMAS-ın İsrailin cənubunda terror hücumlarını və mülki insanların qaçırılmasını İsrailin Qəzzadakı hərbi əməliyyatları ilə eyniləşdirmək adlandırdığı qərarını qınayıb.

“Prokuror nəyi nəzərdə tutsa da, İsraillə HƏMAS arasında heç bir eynilik yoxdur”, prezident Bayden bildirib.

ABŞ dövlət katibi Antoni Blinken də həmçinin Birləşmiş Ştatların Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun İsrail və HƏMAS rəsmilərinin həbsinə order verilməsi ilə bağlı müraciət etdiyi barədə açıqlamasını əsaslı şəkildə rədd etdiyini bildirib.

“HƏMAS Holokostdan sonra yəhudilərə qarşı ən dəhşətli qətliam törədən və hələ də amerikalılar da daxil olmaqla onlarla günahsız insanı girov saxlayan qəddar terror təşkilatıdır”, Dövlət Departamentinin açıqladığı bəyanatda qeyd edilir.

İsrail Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və həbs qərarı verilsə belə, Netanyahu və Qallant dərhal mühakimə olunma riski ilə üzləşmir. Lakin bu qərar İsrailin müharibəni davam etdirdiyi bir vatxdan təcridini artırır və həbs təhlükəsi liderlərin xaricə səyahətini çətinləşdirə bilər.

ABŞ, Böyük Britaniya və digər ölkələrin terrorçu təşkilat kimi tanıdığı islamçı HƏMAS Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun qrupun üç aparıcı üzvünün həbsinə order verilməsi ilə bağlı qərarın çıxarılmasını istədiyi ilə bağlı verdiyi açıqlamanı pisləyib. Qrup Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanı “qurbanı cəlladla eyniləşdirməyə” çalışmaqda ittiham edib.

Bazar ertəsi verdiyi açıqlamada HƏMAS “silahlı müqavimət” də daxil olmaqla, İsrailin işğalına müqavimət göstərmək hüququna malik olduğunu bildirib.

İsrail Qəzza zolağında müharibəyə HƏMAS-ın oktyabr ayında İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200 nəfərin ölümü və təxminən 250 nəfəri girov götürməsi ilə nəticələnən terror hücumundan sonra başlayıb.

Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlarda 35 minə yaxın fələstinli həlak olub. Bombardman sahil boyu anklavın dağılması və dərin humanitar böhrana səbəb olub.

İsrail 14 000-dən çox militant və 16 000-ə yaxın dinc sakinin öldürüldüyünü bildirir.

BMT-nin sözçüsü Stefan Dujarrik bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, Rəfahdan 812 min və Qəzzanın şimalından isə 100 mindən çox olmaqla, son iki həftə ərzində 900 mindən çox insan - Qəzza əhalisinin təxminən 40 faizi didərgin düşüb.

Onun sözlərinə görə, Qəzza zolağının 75 faizindən çox hissəsində - təxminən 285 kvadrat kilometr ərazidə döyüşlərin şiddətlənməsi fonunda təxliyə əmri verilib.

“Beynəlxalq humanitar hüquqa görə, mülki şəxslər köçüb getmələri, istərsə də qalmalarından asılı olmayaraq qorunmalıdır. Onlar Qəzzada harada olurlarsa olsunlar, onların qida, sığınacaq, su və səhiyyə də daxil olmaqla, əsas ehtiyacları qarşılanmalıdır” - deyə, Dujarrik əlavə edib.

Forum

XS
SM
MD
LG