Accessibility links

Prezident Rəisinin ölümündən sonra İranın siyasi kursu, Azərbaycan-İran münasibətləri - Politoloq Pol Qobl şərh edir


Prezident Rəisinin ölümündən sonra İranın siyasi kursu, Azərbaycan-İran münasibətləri 
please wait

No media source currently available

0:00 0:14:29 0:00

Bir sıra ekspertlər İran prezidenti İbrahim Rəisinin ölümünün ölkə daxilində rejimdən narazılıqlar və regional gərginliklər fonunda İslam Respublikası rejimi üçün qeyri-müəyyənliklər yarada biləcəyini bildirirlər. Onların fikrincə, İran rejiminin daxili problemlər və xarici sınaqlara necə cavab verəcəyi İranın və eləcə də Yaxın Şərqin gələcəyi üçün həlledici ola bilər. Beynəlxalq və yerli müşahidəçilər İbrahim Rəisinin ölümünün İslam Respublikasının qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərinə hansı şəkildə təsir göstərə biləcəyini diqqət mərkəzində saxlayır. Ekspertlər son zamanlar Bakı və Tehran arasında əlaqələrin yaxşılaşmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin mürəkkəb xarakterini qeyd edir. Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə prezident Rəisinin ölümündən sonra İranın daxili və xarici siyasətinin istiqamətləri və Azərbaycan-İran münasibətlərini şərh edib.

Amerikanın Səsi: İran prezidenti İbrahim Rəisinin ölümü ölkədə şok yaratdı. Lakin bir çox təhlilçilər bunun İranın daxili və xarici siyasətinin strateji istiqamətlərinin dəyişməsinə gətirib çıxaracağını düşünmədiklərini bildirir. Çoxları İslam Respublikasının öz sərt dini və hərbi siyasi mövqeyini daha da gücləndirəcəyini gözləyir. Prezident Rəisinin ölümünün İslam Respublikasının daxili və xarici siyasətinə hansı təsirləri ola bilər?

Pol Qobl: Mən hesab edirəm ki, Rəisinin ölümünün böyük təsiri olacaq, amma bu, birbaşa olmayacaq. Təsir bu şəkildə olacaq. İran prezidenti olmaq orada ən güclü vəzifə deyil və Rəisi mühüm [fiqur] idi, çünki onun xarici siyasətə yanaşması ali dini rəhbərin yanaşmasından daha praqmatik idi. İndi onun yoxluğuna görə praqmatiklərin güc mərkəzinə yaxın xəttdə daha az adamı olacaq. Bununla çox güman ki, İran siyasəti daha sərt mövqeyə yönələcək. Eyni zamanda, indi yeni prezident seçkisinə doğru gedirik. Düşünürəm ki, bu, 48 və ya 49 gün ərzində baş verəcək və bu seçki çoxlu suallar doğuracaq. Çünki 85 yaşında olan Xameneyi vəfat etdikdən sonra Rəisinin yeni ali dini lider olacağına, Rəisinin vertolyot qəzasında həlak olan xarici işlər nazirinin onun yerinə prezident olacağına və İranın Xameneyi ilə əlaqələndirilən bəzi daha ifrat islamçı mövqelərdən geri çəkilərək praqmatik bir istiqamətdə hərəkət edə biləcəyinə ümid edənlər çox idi.

Seçkilərin necə keçəcəyini söyləmək çətindir. Hələ heç namizədlər göstərilməyib. Amma mənə elə gəlir ki, bir çox məsələlər ortaya çıxacaq. Ona görə mən deyərdim ki, Rəisinin ölümü özü-özlüyündə İranın xarici siyasətini dəyişmir. Lakin Rəisinin ölümü İran daxilində siyasətin dəyişəcəyi siyasi bir prosesi açır. Və onların necə dəyişməsindən asılı olaraq, ya daha çox avtoritarizmə doğru sürüklənmə, ya da bir qədər daha praqmatik mövqeyə geri çəkilmə olacaq. Bu, seçkinin nəticəsindən, seçki kampaniyasından və seçkinin özündən asılıdır. Beləliklə, qısa cavab budur ki, xeyr, bunun dərhal böyük təsiri olmayacaq. Daha mürəkkəb cavab isə budur ki, 50 gündən sonra hər kəsin indi proqnozlaşdırdığından daha böyük təsiri ola bilər. Mən düşünürəm ki, bu, indi verə biləcəyimiz yeganə dürüst cavabdır.

Amerikanın Səsi: Mayın 19-da helikopterin qəzaya uğramasından əvvəl Rəisi prezident Əliyevlə birlikdə Azərbaycan-İran sərhəddində Araz çayı üzərində Xudafərin hidroqovşağının açılışı mərasimində iştirak etmişdi. Azərbaycanla İran arasında mürəkkəb münasibətlər onun ölümündən sonra diqqət mərkəzindədir. İki qonşu arasında münasibətlərin enişli-yoxuşlu olmasına baxmayaraq, Azərbaycanın bir çox rəsmiləri bu münasibətləri regionun sabitliyi üçün vacib adlandırırlar. Xüsusilə, Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi nəqliyyat marşrutlarının inkişaf etdirilməsində ortaq maraqlar var. Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyəti haqqında nə düşünürsünüz və gələcəkdə nələri proqnozlaşdırırsınız?

Pol Qobl: Düşünürəm ki, İran və Azərbaycan qısa və ortamüddətli perspektivdə daha da yaxınlaşacaq və daha çox məsələlərdə razılığa gələcəklər. Bunun bir neçə səbəbi var. Bunlardan biri Bakı ilə Moskvanın yaxınlaşmasıdır. Moskva ilə Tehran getdikcə yaxınlaşdıqca, düşünürəm ki, Azərbaycan da bu istiqamətdə irəliləyir. Bu, bir çox amillərlə bağlıdır və Ermənistanın Avropaya inteqrasiya səyləri bunlar arasında sonuncu deyil. Baş nazir Paşinyan Avropa İttifaqı və hətta potensial olaraq NATO ilə münasibətlərə səy göstərir. Bu da Azərbaycanın başqa istiqamətə yönəlməsinə gətirib çıxarıb.

Hesab edirəm ki, Bakı və Tehran arasında gərginliyə səbəb olan məsələlər qalır. Bu, Azərbaycanda Cənubi Azərbaycan adlandırılan regionda böyük sayda azərbaycanlılardan ibarət azlıq məsələsidir. Suyun necə idarə olunması ilə bağlı real gərginliklər var. Əhalinin artan sayını nəzərə alaraq, suyun paylaşılmasına ehtiyac olacaq. Tranzitin Ermənistanın azərbaycanlıların Zəngəzur adlandırdığı Syunikdən keçəcəyi, yoxsa Azərbaycandan keçəcəyi sualı açıq olaraq qalır və bu, gərginliklərin mənbəyi olacaq. Türkiyənin Naxçıvan sərhədinə qədər dəmir yolunu 2028-ci ildə tamamlayacağını açıqlayan Türkiyə rəsmisinin Ankaranın nöqteyi-nəzərindən Bakı ilə əlaqə yolunun Syunik və ya İrandan keçə biləcəyini deməsi çox maraqlı idi. Mən qarşıdakı illərdə bunun kritik olacağını düşünürəm.

Beləliklə, ümumilikdə əsas məsələ ondan ibarətdir ki, Moskva, Bakı və Tehran bir-birinə əvvəlkindən daha da yaxınlaşıb. Amma bütün bu deyilənlərə baxmayaraq, böyük risk ondan ibarətdir ki, Tehran daha sərt islamçı mövqe tutsa, Tehranda bəzilərinin Azərbaycanda hökuməti devirməyə cəhd edə bilməsi riski var. Bakıda şiə məhzəbi adından çevriliş və ya inqilab təşkil etmək və ya buna cəhd etdikləri iddia edilən gizli və ya hər hallda ittiham olunan radikalların olduğuna dair sübutlar var idi. Əgər buna işarə olsa və İran bu istiqamətdə daha çox işlər görməyə çalışsa, mənim fikrimcə, Moskva-Tehran mehvərindən tam şəkildə uzaqlaşmanın şahidi ola bilərik.

Mən həmçinin hesab edirəm ki, Paşinyan devrilsə və bunu təsəvvür etməmək mümkün deyil, o zaman Bakı ilə çox fərqli münasibət yarana bilər. Bu tapmacanın çoxlu hissələri var və mən ona kaleydoskopa bənzədirəm. Kaleydoskopu çevirdiyiniz zaman bütün hissələr eyni formada qalır, lakin onların yaratdığı mənzərə çox fərqli olur, çünki hissələr bir yerdən başqa yerə keçir. Beləliklə, ümumilikdə düşünürəm ki, qısamüddətli perspektivdə biz Bakı ilə Tehran arasında münasibətlərin davamlı istiləşməsinin şahidi olacağıq. Uzunmüddətli perspektivdə bu istiqamətdə daha çox irəliləyiş ola bilər, lakin bunun qarşısını ala biləcək çoxlu gecikmiş fəaliyyət istiqamətləri var.

Və əlbəttə ki, Qərb siyasətində Azərbaycanın indiki mövqeyini dəyişə biləcək bəzi fundamental dəyişikliklərin baş verə bilməsini də istisna etmək mümkün deyil. Bildiyiniz kimi, fransızlar Azərbaycana qarşı çox sərt münasibət nümayiş etdirirlər. Onlar Qərbdə tək deyillər, lakin şübhəsiz ki, öndə gedirlər. Mən bunun dominant baxışa çevriləcəyini bilmirəm, amma şübhəsiz ki, Moskvada Bakının Rusiyanın orbitində qalmasını və ya Rusiya orbitinə daha da yaxınlaşmasını istəyən insanlar bundan istifadə edəcəklər. Beləliklə də, düşünürəm ki, altı aydan bir ilə qədər müddətdə çox maraqlı bir dövrün şahidi olacağıq. Mənə elə gəlir ki, insanlar bunları Rəisinin ölümü ilə əlaqələndirməyə çalışacaqlar. Amma düşünürəm ki, bunlardan bəziləri latın dilində ifadəsi ilə desək, bu, “baş verdikdən sonra olan” şeydir. Amma bunun mütləq buna görə baş verdiyi şərt deyil.

Amerikanın Səsi: Xarici siyasətlə bağlı müəyyən məsələlərdə, xüsusilə də Azərbaycanın İsraillə sıx müttəfiqliyi ilə bağlı ciddi fərqlər mövcuddur. Azərbaycanla İsrail arasında möhkəm münasibətlər İranın narazılığına səbəb olub. Bu dinamikalar gələcəkdə necə inkişaf edəcək?

Pol Qobl: Siz haqlısınız, mən İsrail məsələsinə toxunmalıydım, çünki Tehran İsrailin əzəli düşmənidir. Bakı müsəlman dünyasında İsrailin dostu olmağına böyük önəm verir. Eyni zamanda, hesab edirəm ki, Bakı Tehranı öz ərazilərindən İrana qarşı raket meydançası kimi istifadə etməyə hazır olmadığına inandıra bilsə və İran həmişə bundan qorxub, Bakı bunun baş verməyəcəyini aydın etdiyi müddətdə Tehran Rəisinin hakimiyyəti dövründə olduğu yerdə qaldığı halda vəziyyəti idarə etmək mümkün olacaq. Bu da Azərbaycan ərazisində birgə təlimlərin keçirilməyəcəyi, İsrail qüvvələrinin Azərbaycan bazalarına səfər etməyəcəyi və s. deməkdir.

Fikrimcə, baxmayaraq ki, Rəisi bu sözlərdən heç vaxt istifadə etməzdi onun siyasətini ümumi şəkildə “mümkün qədər az düşmən” kimi ifadə edə bilərdik. O, potensial olaraq problemləri dərinləşdirmək deyil, aradan qaldırmaqda maraqlı idi. Mən bunun ali dini liderin baxışı olmadığını düşünürəm. İnqilab Keşikçiləri Korpusunda insanların belə baxışı olduğunu düşünmürəm. Fikrimcə, onlar hər yerdə düşmən axtarırlar və istəsələr İsrail bağlantısını önə çıxara bilərlər. Amma mən hesab edirəm ki, Rəisinin adamlarının çoxluq təşkil etdiyi Xarici İşlər Nazirliyində bir çox insanlar bu fikirdədirlər ki, Azərbaycan bu qırmızı xətti keçmədikcə, “biz bu məsələyə göz yuma bilərik”. Bu barədə hələ danışmaq olar, lakin Tehranın nəzərinə görə bu münasibətlər dəyişməyəcək. Ancaq bu istiqamətdə dəyişikliklər olsa və mötədillər seçkidə tam məğlubiyyətə uğrasa və bunun onların son yarışı olduğunu düşünənlər var, o zaman hər şeyin baş verməsi mümkündür. Siz Tehranla Bakı arasında münasibətlərin köklü şəkildə pisləşdiyini görə bilərsiniz.

Amerikanın Səsi: Təbii ki, İranda azərbaycanlıların hüquqları məsələsi də var. Sizin fikrinizcə, İran isteblişmenti bu məsələnin həlli ilə gələcəkdə necə məşğul olacaq?

Pol Qobl: 200 ilə yaxındır ki, azərbaycanlıların bölünmüş millət olması kimi problem mövcuddur. Şimalda rus dünyasının və Sovet İttifaqının tərkibində olmuş, daha çox dünyəviləşmiş və daha az dindar olan azərbaycanlılar var. Onların həm də cənubdakı azərbaycanlılar kimi 90 faizi deyil, yalnız üçdə ikisi şiədir. Güneydə azərbaycanlılar ı ayrı-seçkiliyə məruz qalırlar. Amma onlar Arazın şimalındakı azərbaycanlılarla müqayisədə bir əsr əvvəlki azərbaycanlıların olduğu kimi daha çox azərbaycanlıdırlar. Bu, sadəcə bir faktdır. Reallıqdır.

Rəisinin ölümündən sonra məni maraqlandıran məqamlardan biri də onun helikopterinin Qərbi Azərbaycan vilayətində qəzaya uğraması faktının davamlı olaraq qeyd edilməsi idi. Həmişə bu qeyd olunurdu. Bu, çox maraqlıdır. Dağın adını demirdilər. Qərbi Azərbaycan vilayəti deyirdilər. Əlbəttə ki, vertolyotun haradan gəldiyini hamımız bilirik. Daha da önəmlisi helikopterin haraya getmədiyini, planlaşdırıldığı kimi Syunikə getmədiyini bilirik. Bunların hamısı bunun bir hissəsidir.

Mən güney azərbaycanlılarının ayağa qalxması riskini görmürəm, amma hesab edirəm ki, bu hələ də Tehranda bir çox insanların kifayət qədər narahat olduqları bir şeydir və Bakı ilə münasibətdə gördükləri işlərdə bir məhdudiyyət kimi çıxış edir.

Beləliklə, maraqlı bir neçə ay olacaq. Mən tam əminəm ki, iki aydan sonra bu gün verdiyiniz suallara bu gün verdiyimdən daha yaxşı cavab verəcəyəm.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG