Accessibility links

Sulduzda 2006-cı il qiyamının qurbanlarının xatirəsi anılıb


24 may 2024 - Sulduz məzarılığı (Mənbə: Abbas Lisani Telegram kanalı)
24 may 2024 - Sulduz məzarılığı (Mənbə: Abbas Lisani Telegram kanalı)

18 il əvvəl İran Azərbaycanında hökümət əleyhinə baş qaldıran böyük üsyan zamanı Sulduz (Nəğədə) şəhərində İranın hərbi qüvvələri tərəfindən öldürülən etirazçıların xatirəsi anılıb.

Abbas Lisani Telegram kanalı və Araz News xəbər saytı kimi mənbələrin yaydığı xəbər və görüntülərə əsasən, 2006-cı ilin may ayının 25-də Sulduzda baş verən qiyam zamanı həyatlarını itirən qurbanların yaxınları və mədəni fəallar Sulduz məzarında toplaşaraq ənənəvi “Sulduz Şəhidlərinin anım törənini” təşkil ediblər.

İranın polis və hərbi qüvvələri 2006-cı ilin may ayında xüsusilə Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə etirazçılara qarşı güc tətbiq edərək etirazları yatırmışdılar.

Mayın 25-də hərbi qüvvələrin Sulduzda küçəyə çıxan etirazçılara atəş açması nəticəsində bir çox etirazçı yaralanıb, azı dörd vətəndaş, o cümlədən Hüseyn Fəthipur (16 yaşında), Tövhid Azəriyyun (26), Himmət İsimzadə (35) və Əsgər Qasımi (39) hadisə yerində öldürülüb. Həmin gün qırma güllələr ilə gözlərindən vurulan Daryuş Təbbaxi görmə qabiliyyətini itirmişdi. O, 6 il sonra 2012-ci ildə beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə dünyasını dəyişib.

2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” jurnalında dərc edilən karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazıda həmçinin hamam böcəklərini məhv etməyin yolları müzakirə edilmişdi.

Forum

XS
SM
MD
LG