Accessibility links

Kərim Fəthipur 2006-cı ildə Sulduzda baş verən qanlı hadisəni şərh edir [Audio-Müsahibə]


H. Fəthipur, Ə. Qasımi, H. İsimzadə və T. Azəriyyun
H. Fəthipur, Ə. Qasımi, H. İsimzadə və T. Azəriyyun

“Bir çox yerə müraciət etdik. Cavab almadıq. İllər boyu gözümüz yolda qaldı ki, gerçəkdən bizim əzizlərimizi niyə öldürdülər?” Bu, 2006-cı ilin may ayı İran Azərbaycanında təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldürülən türk etirazçılardan biri Hüseyn Fəthipurun qardaşının sözləridir.

Kərim Fəthipur Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:26 0:00

Hazırda Türkiyədə mühacirətdə yaşayan Kərim Fəthipur Amerikanın Səsi ilə söhbətdə 2006-cı ilin mayın 25-də Urmiyənin cənubunda yerləşən Sulduz (Nəğədə) şəhərində baş verən qanlı olayları şərh edib.

Kərim Fəthipur
Kərim Fəthipur

Sulduzda polis tərəfindən öldürülən Hüseyn Fəthipur (16 yaşında), Tövhid Azəriyyun (26), Himmət İsimzadə (35) və Əsgər Qasıminin (39) ailələri məhkəməyə müraciət edərək övladlarına atəş açan məmurlardan şikayət etdilər.

Biz dörd ailə birləşdirk və əzizlərimiz öləndən sonra məhkəməyə müraciət etdik. Amma bir çox yaralı və hətta canını itirən də var idi ki, ailələri rejimin təhdidləri səbəbilə şikayət edə bilmədilər.

2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” jurnalında dərc edilən karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə, həmçinin hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir.

Kütləvi üsyanlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə basdırıldı.

Kərim Fəthipur həmin günlərdə Sulduzda olanları ətraflı şəkildə Amerikanın Səsinə anladır:

“Sulduzda etirazlar öncə universitetdən başladı. May ayının 23, 24, 25 və 26-a qədər dörd gün ardıcıl olaraq davam etdi. Əlbəttə, keçmiş illərdə də türklərə qarşı haqsızlıqlar və sayğısızlıqlar olurdu, amma bu dəfə bu, güclü etirazlara səbəb oldu. Ümum millət bu etirazlara qatıldı.”

Onun dediklərinə görə, “yüzlərlə adam yaralandı. Qırma güllə ilə yaxın məsafədən vururdular ki, bir çox adamın gözünün kor olmasına səbəb oldu.”

Qırma güllələrin dəyməsi nəticəsində gözlərinin işığını itirən Daryuş Təbbaxi 6 il sonra beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə dünyasını dəyişib.
Qırma güllələrin dəyməsi nəticəsində gözlərinin işığını itirən Daryuş Təbbaxi 6 il sonra beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə dünyasını dəyişib.

Kərim Fəthipur həmin gün qırma güllələrin dəyməsi nəticəsində gözlərinin işığını itirən Daryuş Təbbaxiyə işarə edir. Təbbaxi altı il sonra 2012-ci ilin mayında beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə dünyasını dəyişib.

Qardaşım Hüseyn birinci sıralarda idi, öndə gedirdi. Qubernatorluğa təqribən 200 metr məsafədə hərbi qüvvələr yer almışdılar. İnsanlar o nöqtəyə çatmadan qüvvələr ardıcıl atış etməyə başladılar. Hətta yaxın məsafədən Kolt tapançası ilə də vururdular

“Biz dörd ailə birləşdirk və əzizlərimiz öləndən sonra bunu gündəmə gətirdik. Məhkəməyə müraciət etdik. Amma bir çox yaralı və hətta canını itirən də var idi ki, ailələri rejimin təhdidləri səbəbilə şikayət edə bilmədilər. Bizim məhkəmə sistemimiz çox fasid (pozuq) sistemdir. Mədəni aksiyalar olanda çalışır ki, ölənlərə, yaralılara və ya ümumiyyətlə qatılanlara bir ad qoysun. Damğa vursun ki, siz başqa bir ölkənin sözü ilə küçəyə çıxıbsınız,” Fəthipur söyləyir.

O, mayın 25-də baş verən qanlı olayları belə şərh edir:

“Etiraz çağırışına əsasən əhali İslami İrşad və Mədəniyyət İdarəsi qarşısında toplanmışdılar. Sonra Nəğədənin fərmandarı (qubernator) bir maşınla ortaya çıxdı və farsca danışaraq gərginliyi artırdı. Millət daha sərt şüarlar verməyə başladı və qubernatorluq binasına doğru yürüşə keçdilər.”

Fəthipur qardaşının həmin yürüş əsnasındı açılan gülələr ilə öldürüldüyünü bildirir:

“Qardaşım Hüseyn birinci sıralarda idi, öndə gedirdi. Qubernatorluğa təqribən 200 metr məsafədə Sepah, Bəsic (yarım-hərbi könüllü milis qüvvəsi) və polis qüvvələri yer almışdılar. İnsanlar o nöqtəyə çatmadan hərbi qüvvələr ardıcıl atəş etməyə başladılar. Hətta yaxın məsafədən Kolt tapançası ilə də vururdular. Silahlı qüvvələr üzlərini Keffiyeh ilə qapatmışdılar. Qardaşım orada vuruldu.”

Sulduz Məzarlığı - H.Fəthipur, H.İsimzadə və T.Azəriyyunun məzarları
Sulduz Məzarlığı - H.Fəthipur, H.İsimzadə və T.Azəriyyunun məzarları

Hazırda Türkiyədə mühacirətdə yaşayan fəal həmin gün öldürülən qardaşı və digər üç etirazçı haqqında bunları deyir:

Bizim gözümüz yolda qaldı ki, gerçəkdən bizim əzizlərimizi niyə öldürdülər. Silahsız adamları necə öldürmək olar? O ki öz kültürünü sevir və sayğısızlığa etiraz edir, məgər bu suç sayılır?

“Qardaşım Hüseyn Fəthipur 16 yaşında idi. İdmançı idi. Bizim evdə ən səssiz uşaq idi. Ata-anamızın göz bəbəyi idi. Dostlar arasında da sevilən biri idi. Himmət İsimzadə meyvə meydanında dükan işlədirdi. Evli idi və bir qız uşağı var idi. Əsgər Qasımi evli idi. Üç oğlan uşağı var idi. Təəsüf ki, o, həyatını itirdikdən sonra ailəsi didərgin vəziyyətə düşdü. Tövhid Azəriyyun 26 yaşında idi. Subay idi, amma nişanlısı var idi.”

Qərbi Azərbaycan vilayətinin cənubunda yerləşən və əhalisinin əksəriyyəti Qarapapaq elindən olan Sulduz şəhərində türk fəallar hər il may ayında etirazlarda ölənlər adına “Sulduz Şəhidlərinin anma törəni” təşkil edirlər.

“Biz dörd ailə şəhidlərimizi torpağa tapşırdıqdan sonra birləşdik. Qırx mərasimini birlikdə təşkil etdik və birgə elan yayımladıq. Sonra Urmiyədə hərbi məhkəməyə müraciət etdik. O, məhkəmənin başqanı Himmət İsimzadənin qaynatası idi. Lakin onun heç bir təsiri olmadı. Təhlükəsizlik qurumu məhkəmə prosesinə müdaxilə edirdi. Biz dəfələrlə israr etdik ki, güllə açanlar nədən məhkəməyə gəlmir?.. Bir çox yerə müraciət etdik, məktublar yazdıq. Cavab ala bilmədik. Bizim gözümüz yolda qaldı ki, gerçəkdən bizim əzizlərimizi niyə öldürdülər. Silahsız adamları necə öldürmək olar? O ki, öz kültürünü sevir və sayğısızlığa etiraz edir, məgər bu suç sayılır?” , deyə Kərim Fəthipur sual edir.

XS
SM
MD
LG