Rəsminin şənbə günü verdiyi məlumata görə, İsrail qüvvələri Qəzza zolağı boyunca HƏMAS-a qarşı hərbi əməliyyatı davam etdirib. Ancaq İsrail gələn həftə vasitəçilər yolu ilə danışıqların yeni raunduna açıq olduğunu bildirib.
Reuters-ə danışan və adının açıqlanmasını istəməyən mənbə bildirib ki, danışıqların yeni raundu ilə bağlı qərar İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Vilyam Burns və Qətər baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani ilə görüşdükdən sonra qəbul edilib.
“Görüşün sonunda razılığa gəlinib ki, gələn həftə vasitəçilər, Misir və Qətərin başçılığı və ABŞ-ın fəal iştirakı ilə yeni təkliflər əsasında danışıqlara başlanılsın,” mənbə deyib.
Sülh danışıqları dalana dirənib. Belə ki, İsrail HƏMAS-ın saxladığı girovların azad edilməsini tələb edir, HƏMAS isə fələstinli məhbusların sərbəst buraxılmasına və Qəzzadah müharibəyə son qoyulmasına çağırır.
Fələstinli tbb rəsmilərinin məlumatına görə, şənbə günü anklavda otuz bir nəfər həlak olub.
İsrail qüvvələri Qəzza şəhərinin şimalında Cəbəliyə daxil olub. Onlar “qısa məsafədə aparılan döyüşlər və hava zərbələri ilə onlarla terrorçunu məhv etdiklərini” bildirib. Ərazi sakinləri və mülki fövqəladə hallar xidməti bildirib ki, İsrail tankları daxil olaraq, onlarla evi, mağazanı və yolları dağıdıb.
Qəzzanı idarə edən HƏMAS və kiçik silahlı qrup olan İslam Cihadı bildirib ki, onların döyüşçüləri anklavın şimalında İsrail qoşunlarına tank əleyhinə raket və minaatan bombalar atıblar.
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Rəfahda “ hərbi hücumunu dərhal dayandırmalı” olduğuna dair qərar çıxarmasına rəğmən, İsrail cənubda yerləşən Rəfah şəhərində hərbi əmləiyyatlarını davam etdirib. İsrail bildirir ki, Rəfahda məqsədi oradakı HƏMAS hüceyrələrini məhv etməkdir. O həmçinin girovların bəzilərinin orada saxlanıldığını bildirib.
Adının açıqlanmasını istəməyən Rəfah sakini İsrail ordusunun şəhər fərq qoymadan hücum etdiyini bildirib.
“İşğalçı qüvvə şəhəri bombalayır, təkcə daxil olduqları şərqdə deyil, həm də mərkəz və qərb hissələrdə. Onlar insanları qorxurmaq istəyirlər ki, onlar bütöv şəhəri tərk etsinlər,” sakin deyib.
Şəhər anklavın digər hissələrindən qaçan minlərlə qəzzalının sığınacağına çevrilib. Ancaq Rəfah da hədəf alınandan sonra yüz minlərlə fələstinli şəhərdən qaçıb.
Dünya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına reaksiya verir
Dünya liderləri cümə günü BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərində “ hərbi hücumunu dərhal dayandırmalı” olduğuna dair qərarına reaksiya verib. Bu qərar İsrailə Qəzzaya hücumu ilə əlaqədar beynəlxalq təzyiqləri artırır, ancaq İsrail qərara əməl etməyəcəyini bildirib.
Qərarı oxuyan məhkəmə sədri Navaf Salam Rəfahda “son dərəcə həssas” əhalinin üzləşdiyi “son dərəcə ağır şərtlər”ə istinad edib.
İspaniyanın müdafiə naziri Marqarita Robles televiziyaya verdiyi müsahibədə Qəzzadakı münaqişəni “həqiqi soyqırım” adlandırıb. İsrail ilə İspaniya arasında münasibətlər Madridin Fələstin dövlətini tanımaq qərarından sonra pisləşib.
İspaniya baş nazirinin müavini Yolanda Diaz da bu həftənin əvvəlində Qəzzadakı münaqişəni soyqırım kimi təsvir etmişdi.
Britaniya hökuməti şənbə günü Beynəlxalq Ədalət Məhkəməsini tənqid edərək bildirib ki, bu qərar HƏMAS-ı gücləndirəcək.
İsrail fələstinlilərə qarşı soyqırım törətdiyinə dair ittihamları qəti şəkildə rədd edib və bildirir ki, oktyabrın 7-də İsrailə hücum eədərək, İsrailin Qəzzaya hücumuna səbəb olan HƏMAS militant qrupuna qarşı müharibə aparır.
İsrail baş naziri və xarici işlər nazirinin ofisləri ortaq bəyanat yayaraq, məhkəmənin qərarını pisləyib və İsrailə qarşı ittihamları “saxta, biabırçı və iyrənc” adlandırıb.
İsrailin müharibə kabinetinin üzvü nazir Benni Qantz məhkəmənin qərarına cavab olaraq İsrail mediasına bildirib ki, ordu girovları qaytarmaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün döyüşməyə davam edəcək.
Beynəlxalq Ədalət Məhkəməsi ölkələr arasında mübahisələrə baxan BMT-nin ali orqanıdır. Onun qərarları yekun olsa da, keçmişdə də onlara məhəl qoyulmayıb, çünki məhkəmənin qərarlarını icra etmək gücü yoxdur.
Ancaq məhkəmənin qərarı İsrail hökumətinə diplomatik təzyiqi artırır.
Forum