ABŞ Prezidenti Co Bayden cümə günü HƏMAS militantlarını İsrailin Qəzzada atəşkəs müqabilində girovların azad buraxılması ilə bağlı yeni təklifi ilə razılaşmağa çağırıb və bildirib ki, bu, ölümcül münaqişəni dayandırmağın ən yaxşı yoludur.
“Atəşkəs olsa, yardım ehtiyacı olan hər kəsə təhlükəsiz və effektiv bir şəkildə paylana bilər,” Bayden deyib.
“İsrailə ömürlük öhdəliyi olan biri kimi, müharibə zamanı İsrailə səfər edən yeganə Amerika prezidenti olaraq, İran tərəfindən hücuma məruz qaldığı zaman İsraili birbaşa müdafiə etmək üçün ABŞ qüvvələri göndərən biri olaraq, mən sizi bir addım geri ataraq, bu an keçdiyində nələrin ola biləcəyini düşünməyə çağırıram,” o deyib. “Biz bu anı buraxa bilmərik.”
Bu ilin əvvəlində irəli sürülən girov təklifi Qəzzada saxlanılan xəstə, yaşlı və yaralı girovların altı həftəlik atəşkəs müqabilində sərbəst buraxılmasına çağırırdı ki, həmin altı həftəlik atəşkəs anklava daha çox humanitar yardımın daxil ola bilməsi üçün uzadıla bilərdi.
Təklif olunan razılıq bu ay İsrailin danışıqlar çərçivəsində müharibəyə birdəfəlik son qoymağı rədd etməsindən və Qəzzanın cənubunda Rəfah şəhərinə hücumu gücləndirməsindən sonra iflasa uğrayıb.
HƏMAS cümə axşamı vasitəçilərə aqressiya davam etdiyi bir vaxtda əlavə danışıqlarda iştirak etməyəcəyini, amma İsrail müharibəni dayandırdığı halda “tam razılığa,” o cümlədən girov və məhbusların mübadiləsinə hazır olduğunu bildirib.
Misir, Qətər və başqalarının vasitəçiliyi ilə İsraillə Qəzzadakı islamçı hərəkat arasında atəşkəs əldə etmək üçün aparılan danışıqlar dəfələrlə dalana dirənib və tərəflər irəliləyişin olmamasına görə bir-birini günahlandırıb.
Adının anonim qalması şərtilə danışan ABŞ rəsmisi deyib ki, Ağ Evin milli təhlüksəzilik müşaviri Ceyk Sallivanın cümə günü vətəndaşları Qəzzada HƏMAS tərəfindən girov saxlanılan 17 ölkənin diplomatı ilə görüşü gözlənilirdi.
İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmisi cümə günü bildirib ki, İsrail sağ qalan girovların geri qaytarılmasını ehtiva edən hər hansı razılaşma olmadan döyüşün dayandırılmasına razı olmayacaq,
Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi çərşənbə axşamı deyib ki, İsrailin Rəfahda ən son quru əməliyyatı ABŞ-ın əlavə hərbi yardımı kəsməsinə səbəb olmayacaq.
Fələstinli səhiyyə rəsmiləri İsrailin HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq anklava əks-hücumu nəticəsində 36 280 nəfərin öldürüldüyünü təxmin edir. İsrailin bildirdiyinə görə isə, HƏMAS-ın hücumu nəticəsində təxminən 1200 nəfər ölüb.
Forum