Accessibility links

Macarıstan baş naziri Orban Aİ seçkiləri ərəfəsində "sülh yürüşü" keçirir


Şənbə günü on minlərlə insan Macarıstan paytaxtında toplaşaraq Avropa Parlamenti seçkilərindən bir həftə əvvəl Baş nazir Viktor Orbana dəstəklərini nümayiş etdiriblər. Orban bu seçkini Avropada sülh və dünya müharibəsi arasında ekzistensial dönüş nöqtəsi kimi qiymətləndirib.

Təşkilatçıların “sülh yürüşü” adlandırdığı nümayişə Orbanın Macarıstan boyu və qonşu ölkələrdən tərəfdarları toplaşıb. Onlar Budapeştin Danuber çayı boyunca ikonik Zəncir körpüsündən Marqaret adasına yürüyərək əllərində bayraq və üzərində “Müharibəyə yox” yazan plakatlar dalğalandırıblar.

14 ildir hakimiyyətdə olduğu üçün o, Avropa İttifaqında ən uzun müddət ölkə idarə edən lideridir və iyunun 9-da keçiriləcək seçki kampaniyasında diqqəti Ukraynadakı müharibəyə yönəldərək, ölkədaxili və beynəlxalq rəqiblərini Macarıstanı birbaşa münaqişəyə cəlb etməyə çalışan “müharibə qızışdıranlar” adlandırıb. Tənqidçilər deyir ki, onun Ukraynada təcili atəşkəsə dair çağırışları Rusiyaya işğal etdiyi əraziləri saxlamağa imkan verəcək və onu daha da cəsarətləndirəcək.

Orban şənbə günü tərəfdarlarına deyib ki, indi onun partiyasının – Avropa İttifaqının de-fakto paytaxtı - “Brüsseli işğal etməsi” və qitənin Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə aparan Ukraynaya dəstəyinə yanaşmasını dəyişməsi vaxtıdır.

“Biz yalnız macarıstanlı seçicilər hökuməti dəstəklədiyi halda müharibədən uzaq dura bilərik,” o, Marqaret adasında etdiyi çıxışında deyib. “Biz Avropa seçkilərində elə qalib gəlməliyik ki, Brüsseldəki bürokratlar qorxaraq, şəhərin qapılarını bizə açıb, tələsik şəkildə ofislərindən qaçsınlar.”

Orban və onun Fidesz partiyası Aİ-də Rusiya və onun prezidenti Vladimir Putinə ən yaxın tərəflərdən biri kimi tanınır. Macarıstan qonşu Ukraynanı Rusiyanın müdaxiləsinə qarşı mübarizədə silahlarla təmin etməkdən imtina edib və Aİ-nin Kyivə maddi dəstəyinə maneə törətmək və Moskvaya qarşı sanksiyaları əngəlləməklə təhdid edib.

Onun partiyasının gələn həftə keçiriləcək seçkidə Aİ parlamentində ən çox yer qazanacağı gözlənilir. Ancaq bir sıra qalmaqallar və dərin iqtisadi böhran siyasətə yeni daxil olan Piter Magyarın Orbanın zəif anından sui-istifadə edərək son üç ayda səslərin əhəmiyyətli hissəsini qazanacağı gözlənilən yeni böyük siyasi hərəkat yaratmasına imkan verib.

Orbanın partiyasını açıq şəkildə korrupsiyada və Macarıstan mediasını hökumət tərəfdarı təbliğat maşınına çevirməkdə ittiham etməklə tanınan Magyar özü bir neçə dəfə böyük etiraz aksiyaları keçirib və seçki ərəfəsində “Macarıstan tarixinin ən böyük siyasi nümayişinin” keçirilməsinə çağırıb.

Ancaq şənbə günü Budapeştdəki izdiham onu göstərdi ki, Orbanın sağçı populizmi və Aİ və ABŞ-ın Ukraynaya hərbi yardımının yeni dünya müharibəsinə apardığına dair təhdidləri Macarıstan xalqının böyük bir hissəsində rezonans doğurur.

Orban Ukraynaya yardım edən Aİ və NATO-da tərəfdaşlarını “müharibə tərəfdarı” adlandıraraq qınayıb və keçmiş ABŞ Prezidenti Donald Trampın seçkidə qalib gəlməsini dəstəkləyib.

O, çıxışında deyib ki, Trampın noyabr ayında qalib gəlməsi o və ABŞ administrasiyasının Ukraynadakı döyüşlərə son qoya biləcək “transatlantik sülh koalisiyası” yaratmasına gətirib çıxaracaq.

Forum

XS
SM
MD
LG