Accessibility links

Austin və Zelenski Ukraynanın müdafiə sahəsində ehtiyaclarını müzakirə ediblər


Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ müdafiə naziri Lloyd Austin “Şanqri-La Dialoqu” forumu çərçivəsində görüşür, Sinqapur, 2 iyun 2024. (Mənbə-Reuters, Ukrayna prezidentinin mətbuat xidməti)
Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ müdafiə naziri Lloyd Austin “Şanqri-La Dialoqu” forumu çərçivəsində görüşür, Sinqapur, 2 iyun 2024. (Mənbə-Reuters, Ukrayna prezidentinin mətbuat xidməti)

ABŞ müdafiə naziri Lloyd Austin Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumu çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevin müdafiə ehtiyaclarını müzakirə edib.

Pentaqonun adının açıqlanmasını istəməyən nümayəndəsi Austinin “ABŞ-ın güclü dəstək verməyə davam etmək öhdəliyini bir daha təsdiqlədiyini” bildirib.

“Biz əsas məsələni müzakirə etdik: ölkəmizin müdafiə ehtiyacları, Ukraynanın hava hücumundan müdafiə sistemi, F-16 koalisiyasının gücləndirilməsi və ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması” - deyə, Zelenski Telegram kanalında bildirib.

Görüşdə Ukraynanın müdafiə naziri Rustem Umerov iştirak edib.

“Hər iki lider ABŞ və Ukrayna arasında strateji müdafiə sahəsində tərəfdaşlığın daha da gücləndirilməsinə söz verib”, Pentaqonun sözçüsü bildirib.

Zelenski mətbuat konfransında Çin nümayəndə heyəti ilə konfransda görüşə bilmədiyini bildirib və Pekinin Ukrayna ilə bağlı sülh sammitində iştirak etməyəcəyindən məyus olduğunu deyib.

“Çin, təəssüf ki... ölkələrin (nümayəndələrinin) sülh sammitinə gəlməsinin qarşısını almağa çalışır”, Zelenski bildirib.

Lloyd Austin cümə günü Çinin müdafiə naziri Dong Jun ilə görüşüb. Bir saatdan çox davam edən görüş iki ölkənin müdafiə nazirləri arasında şəxsən keçirilən ilk görüş idi.

“Birləşmiş Ştatlar yalnız Asiyanın təhlükəsiz olduğu halda təhlükəsiz ola bilər”, Austin görüşdən sonra deyib. “Buna görə də Birləşmiş Ştatlar bu regionda uzun müddətdir mövcudluğunu qoruyub saxlayır”, ABŞ müdafiə naziri qeyd edib.

“Ukraynada böhranla bağlı Çin sülh danışıqlarının təşviqinə məsuliyyətlə yanaşır”, Jun bildirib. “Biz heç vaxt münaqişənin tərəflərindən birinə silah verməmişik. Biz ikili təyinatlı malların ixracına ciddi nəzarət etmişik və alovu qızışdırmaq üçün heç vaxt heç bir şey etməmişik. Biz sülh və dialoqun tərəfində möhkəm dayanırıq”, o qeyd edib.

Bazar günü konfransda çıxış edən Zelenski vurğulayıb ki, bu ayın sonunda keçiriləcək sülh sammiti şəklində diplomatiya minlərlə insanın həyatını aparan müharibəyə son qoymağın ən yaxşı yoludur.

Zelenski İsveçrədə keçiriləcək sülh sammitində 106 ölkə və təşkilatın iştirak edəcəyini elan etdiyini, lakin bəzi dünya liderlərinin hələ də dəstək ifadə etmədiyini bildirib. O, həmçinin Rusiyanın sülh səylərini pozmağa çalışdığını qeyd edib.

“Biz əminik ki, dünyamız birliyə can atır” - deyə, Zelenski bildirib.

Zelenski dünya ölkələrinə, o cümlədən ABŞ, Almaniya və Niderlanda xüsusən də hava hücumundan müdafiə sahəsində hərbi yardıma görə təşəkkür edib. Zelenski Rusiyanın bazar günü 100-ə yaxın raketdən istifadə edərək, Ukraynaya hücumunu qeyd edib. O, bunun yüz dəfələrlə baş verdiyini xatırladıb və qeyd edib ki, “heç bir ölkə təkbaşına bunun öhdəsindən gələ bilməz”.

Zelenski daha sonra bildirib ki, Birləşmiş Ştatlara Kyievə ABŞ-ın HIMARS raket sistemlərindən cəbhə xəttində Rusiya hərbi obyektlərini vurmaq üçün istifadə etməyə icazə verdiyinə görə minnətdar olsa da, bu, kifayət deyil.

Onun sözlərinə görə, Rusiya Ukraynaya hücum etmək üçün bir çox aerodromlardan istifadə edir, “Ukraynanın atəşə cavab verməyəcəyini bilir, çünki onun nə cavab sistemləri, nə də (Qərb silahlarından istifadə etmək) icazəsi var”.

Zelenski X media platformasında İndoneziyanın seçilmiş prezidenti Prabovo Subianto, ABŞ Konqresinin nümayəndə heyəti və Timor-Leste Demokratik Respublikasının prezidenti Jose Ramos-Horta ilə görüşdüyünü bildirib.

Onun sözlərinə görə, Ramos-Horta İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyə razılaşıb. Prabovo Subianto keçən il “Şanqri-La Dialoqu” forumunda Ukraynada müharibəyə son qoymaq üçün İndoneziya planını təklif etmişdi.

Forum

XS
SM
MD
LG