Accessibility links

İsrailin 4 girovu xilas etdiyi əməliyyat zamanı yüzlərlə fələstinli həlak olub


İsrail qoşunları şənbə günü Qəzza zolağında oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi hücumda oğurlanan dörd girovu xilas edəndən sonra İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail terrora boyun əyməyəcək.

“İsrail terrora təslim olmur,” Netanyahu deyib. “Biz missiyamızı başa çatdırıraq, - həm sağ qalan, həm də ölən - bütün girovları evə qaytarmayanadək, əl çəkməyəcəyik,” Netanyahu xilasetmə əməliyyatından sonra deyib.

İsrailin müdafiə naziri Yoav Qallant deyib ki, şənbə günü həyata keçirilən xilasetmə əməliyyatı çətin olub. “Bizim əsgərlər böyük cəsarət sərgiləyib – onlar Qəzzadakı ən mürəkkəb şəhər mühitində ağır atəş altında əməliyyat aparıblar.”

Qallant bunu onun İsrailin müdafiə sənayesində 47 illik xidməti zamanı şahid olduğu “ən cəsarətli və qeyri-adi əməliyyatlardan biri” adlandırıb.

Əməliyyatın həyata keçirildiyi Qəzzanın mərkəzində, sıx məskunlaşan Nüseyrat ərazisi yaxınlığında hava hücumları nəticəsində ən azı 210 fələstinli öldürülüb, 400 nəfər yaralanıb. Reuters məlumat verir ki, yerli səhiyyə rəsmiləri bunu müharibə başlayandan bəri ən qanlı insident adlandırıb.

Sosial mediada yayılan görüntülərdə qırğın əks olunsa da, Reuters onları dərhal yoxlaya bilməyib.

“Bu, qorxu filminə bənzəsə də, həqiqi qətliam idi. İsrail dronları və döyüş təyyarələri fərq qoymadan insanların evlərinə və ərazidən qaçan insanlara atəş açdı,” 45 yaşlı paramedik və Nüseyrat sakini Ziad deyib .

O, mesajlaşma tətbiqi vasitəsilə Reuters-ə bildirib ki, bombardmanda yerli bazar və Əl-Əvda məscidi hədəf alınıb.

“İsrail dörd nəfəri azad etmək üçün onlarla günahsız insanı öldürdü,” o deyib.

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Haqari deyib ki, girovları xilasetmə əməliyyatı yaşayış məhəlləsinin mərkəzində atışma altında həyata keçirilib. O bildirib ki, HƏMAS girovları orada silahlı militantların mühafizəsi altında qəzzalı mülki vətəndaşlarına arasında gizlədirdi.

Haqari bildirib ki, İsrail qüvvələri, havadan zərbələr də daxil olmaqla, cavab atəşi açıb. Polisin bəyayatında bildirilib ki, əməliyyat zamanı İsrail xüsusi təyinatlılarının bir əsgəri həlak olub.

İsrail xilas edilən girovların 25 yaşlı Noa Arqamani, 21 yaşlı Almoq Meir Can, 27 yaşlı Andrey Kozlov və 40 yaşlı Şlomi Ziv olduğunu bildirib. Ordu bildirib ki, onlar tibbi yoxlanışdan keçmək üçün xəstəxanaya aparılıb və səhhətləri yaxşı vəziyyətdədir.

HƏMAS lideri İsmayıl Haniyə şənbə günü bəyanat yayaraq bildirib ki, “bizim insanlarımız təslim olmayacaq və müqavimət bu cinayətkar düşmənə qarşı bizim hüquqlarımızı müdafiə etməyə davam edəcək.” HƏMAS rəsmisi isə Reuters-ə deyib ki, İsrailin müharibə başlayandan bəri sadəcə dörd girovu xilas etməsi “nailiyyət deyil, uğursuzluq əlaməti”dir.

HƏMAS həmçinin bildirib ki, hələ də çox sayda insanı girov saxlayır və bu rəqəmi artıra bilər.

Xilasetmə əməliyyatı Qəzzada mülki vətəndaşları qorumaq üçün İsrailə beynəlxalq təzyiqin artırdığı bir vaxta təsdaüf edir.

Atəşkəs təklifi

Parisdə Fransa Prezidenti Emmanuel Makronla mətbuat konfransında çıxış edən ABŞ Prezidenti Bayden deyib ki, o, Makrona qoşularaq girovların geri qaytarılmasını alqışlayır. “Biz bütün girovlar evlərinə qaytarılmadan və atəşkəs əldə olunmadan dayanmayacağıq,” o deyib.

Ağ Ev şənbə günü açıqlamasında həmçinin Amerika vətəndaşları da daxil olmaqla, qalan girovların azad edilməsini təmin etmək üçün bütün səyləri dəstəklədiyini bildirib. Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan davam edən atəşkəs danışıqlarının vacibliyini vurğulayıb.

ABŞ Dövlət katibi Antoni Blinken İsraillə HƏMAS arasında dalana dirənən atəşkəs danışıqlarını canlandırmaq üçün bazar günü yenidən Yaxın Şərqə səfər edəcək.

Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, indiyədək İsrailin hücumu nəticəsində ən azı 36 801 nəfər öldürülüb.

Agence France-Presse agentliyinin İsrailin rəsmi rəqəmlərinə istinadən bildirib ki, oktyabrın 7-də baş verən terror hücumu İsraildə, əksəriyyəti mülki vətəndaşlar olmaqla, 1194 nəfərin ölümü ilə nəticələnib. HƏMAS militantları 251 nəfəri girov götürüb.

Forum

XS
SM
MD
LG