Accessibility links

İsveçrə: 90 ölkə və təşkilat Ukrayna sülh konfransında iştirak edəcək 


İsveçrə iyunun 10-da bildirib ki, bu həftənin şənbə günündən etibarən başlayan və ev sahibliyi etdiyi iki günlük Ukrayna sülh konfransında 90 ölkə və təşkilat iştirak edəcək.

İsveçrə hökuməti bildirib ki, ölkələrin təxminən yarısı Avropadandır və geniş qlobal iştirak geniş dəstəkli bir prosesin başlanması üçün vacibdir.

Hökumət bəyanatında deyilir ki, sülh konfransının məqsədi “Ukrayna üçün beynəlxalq hüquqa və BMT nizamnaməsinə əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhə” nail olmaq yollarının müzakirəsi üçün platforma olmaqdır. Konfransın məqsədi həmçinin sülh planının həyata keçirilməsi üçün çərçivə üzərində işləmək, Rusiya və Ukraynanı sülh prosesinə necə cəlb edilməsinin yollarının axtarılmasıdır.

İsveçrə, Ukrayna prezidenti Volodimir Zelenskinin xahişi ilə konfransa ev sahibliyi edir. Lakin Rusiya konfransda iştirak etmir.

Rusiya prosesi tənqid edib və yalnız 2022-ci ilin fevralında Ukraynaya təcavüzünə başlayandan bəri Rusiyanın döyüş meydanında əldə etdiyi nailiyyətlər də daxil olmaqla, yerdəki vəziyyət nəzərə alınacağı təqdirdə sülh danışıqlarına başlayacağını bildirib.

Zelenski isə Rusiyadan Ukraynanın bütün ərazisindən çıxmasını tələb edir.

Bu arada, bazar günü Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya Rusiya daxilindəki hədəfləri vurmaq üçün ABŞ-ın verdiyi silahlardan istifadə etməyə qismən icazə verdikdən sonra Rusiyanın Xarkiv istiqamətində irəliləməsi “dalana dirənib”.

O, CBS-in "Face the Nation" proqramında deyib ki, "Xarkiv hələ də təhdid altındadır, lakin ruslar son günlər bu sahədə irəliləyiş əldə edə bilməyiblər".

Sallivan bildirib ki, bu cür zərbələrin NATO hərbi ittifaqını Rusiya ilə birbaşa münaqişəyə sürükləyə biləcəyi ilə bağlı əvvəlki narahatlıqlara baxmayaraq, Birləşmiş Ştatlar Ukraynaya Rusiya ilə sərhəddəki Xarkiv bölgəsini müdafiə etmək üçün ABŞ tərəfindən verilmiş bəzi silahlardan istifadə etməyə icazə verib.

Fransa və Almaniya kimi NATO müttəfiqləri Vaşinqtondan nümunə götürərək Ukraynaya Qərbin verdiyi silahların bir hissəsini Xarkiv istiqamətindəki hücumlara qarşılıq vermək üçün istifadə etməyə icazə verib.

Rusiya prezidenti Vladimir Putin ABŞ və NATO müttəfiqlərinə xəbərdarlıq edib ki, belə bir addım onu ABŞ və ya onun Avropalı müttəfiqlərinin əhatə dairəsində olan ölkələrdə oxşar rus silahları yerləşdirməyə vadar edə bilər.

Dondurulmuş Rusiya aktivləri

Fransaya rəsmi səfəri zamanı ABŞ prezidenti Co Bayden bazar günü bildirib ki, o, fransalı həmkarı Emmanuel Makronla Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 280 milyard dollar gəlirdən Ukraynanın Rusiya təcavüzünə qarşı müharibə səylərinə kömək etmək üçün istifadə etmək barədə razılığa gəliblər.

Məqsəd bu mənfəətdən Ukraynanın müdafiəsi və infrastrukturuna ayrılacaq 50 milyard dollarlıq böyük kreditə xidmət etmək üçün sabit gəlir axını kimi istifadə ediləcək.

Bəzi ölkələr Rusiyanın dondurulmuş aktivlərindən gəlir əldə etmək barədə şübhələrini dilə gətirib. Lakin ABŞ Maliyyə Nazirliyinin rəsmisi çərşənbə axşamı Birləşmiş Ştatlar və onun G7-dəki tərəfdaşlarının irəliləyiş əldə etdiyini bildirib.

Rusiya deyir ki, onun dondurulmuş vəsaitlərindən əldə edilən gəlirin hər hansı bir şəkildə yayındırılması oğurluğa bərabərdir.

Rusiyanın dondurulmuş aktivləri ildə 2,7-3,8 milyard dollar gəlir gətirir.

Avropa İttifaqının dediyinə görə, müqavilə əsasında Rusiyaya borclu deyil və ona görə də bu gözlənilməz gəlir hesab olunur.

Məsələ ilə tanış olan iki ABŞ rəsmilərinin sözlərinə görə, G7-nin varlı demokratik ölkələrinin bu həftə kiçik Çin banklarına Qərb sanksiyalarından yayınmaqda Rusiyaya yardım etməyi dayandırmaları üçün yeni, sərt xəbərdarlıq göndərəcəyini gözləyirlər.

Davam edən diplomatik danışıqları müzakirə edərkən adının çəkilməsini istəməyən rəsmilər, xəbərdarlığın dəqiq formatı və məzmunu ilə bağlı danışıqların hələ də davam etdiyini bildirib.

Forum

XS
SM
MD
LG