Accessibility links

Şimali Koreya əsgərlərin sərhədi keçməsindən sonra Cənubi Koreya xəbərdarlıq atəşi açıb


Cənubi Koreya çərşənbə axşamı bildirib ki, Şimali Koreya əsgərləri bu həftə gərgin sərhədi qısa müddətə pozandan sonra Cənubi Koreya əsgərləri xəbərdarlıq atəşi açıblar. Bu, iki rəqib ölkə Soyuq müharibə dövrünə aid şar göndərmək və təxribat yayımları açmaq kimi kampaniyalar yürütdükləri bir vaxta təsadüf edir.

Koreya hərbsizləşdirilmiş zonası adlanan ağır mühafizə olunan sərhəddə ara-ara qan tökülüb, zorakı qarşıdurmalar olub. Bazar günü baş verən insident iki ölkə arasında gərginliyin artdığı br vaxta təsadüf etsə də, müşahidəçilər bunun qarşıdurmaya səbəb olmayacağını deyir, çünki Cənubi Koreya şimali koreyalıların sərhədi qəsdən keçmədiklərinə inanır və Şimali Korea da cavab atəşi açmayıb.

Bazar günü günorta saat 12:30 radələrində sərhədin şimal tərəfində qeyri-müəyyən işlə məşğul olan bir neçə Şimali Koreya əsgəri iki ölkəni bölən hərbiləşdirilmiş demarkasiya xəttini keçib. Bu barədə Cənubi Koreyanın Birgə Qərargahlar Rəisi məlumat verib.

Birgə Qərargahlar Rəisi bildirib ki, əllərində inşaat alətləri -bəzilərində isə silah - olan Şimali Koreya əsgərləri Cənubi Koreya ordusunun xəbərdarlıq atəşi açıb, xəbərdarlıq yayımı ilə çıxış etməsindən dərhal sonra öz ərazilərinə geri dönüblər. Onun bildirdiyinə görə, Şimali Koreya başqa şübhəli fəaliyyət göstərməyib.

Birgə Qərargah rəisinin sözçüsü Li Sanq Cun müxbirlərə deyib ki, Cənubi Koreya ordusunun qiylətləndirməsinə görə, belə görünür ki, Şimali Koreya əsgərləri sərhədi qəsdən keçməyib, çünki həmin yer meşəlik ərazidir və hərbi demarkasiya xətti nişanları görünməyib.

Li əlavə məlumat verməyib. Ancaq Cənubi Koreya mətbuatında yer alan məlumatlara görə, Şimali Koreya əsgərləri, çox güman ki, yolu azandan sonra təxminən 50 metr Cənubi Koreya ərazisinə daxil olub. Xəbərdə deyilir ki, Şimali Koreya əsgərlərinin çoxu əllərində külüng və başqa inşaat alətləri daşıyıblar.

248 kilometr uzunluq, 4 kilometr genişlikdə olan Koreya silahsızlaşdırılmış zonası dünyanın ən ağır silahlamış sərhədidir. Sərhədin daxili və ətrafında təxminən 2 milyon mina yerləşdirilib və o, hər iki tərəfdən tikanlı məftil, tank tələləri və əsgərlər tərəfindən mühafizə olunur. Bu, 1950-53-cü illərdə baş verən və sülh razılığı əvəzinə atəşkəslə başa çatan Koreya Müharibəsinin nəticəsidir.

Bazar günü Cənubi Koreya Şimalın sərhəddən peyin və zibil daşıyan şarlar atmasına cavab olaraq səsgücləndiricilərlə Pxenyana qarşı propaqanda yayımını davam etdirib. Cənubi Koreya bildirib ki, Şimali Koreya da cavab olaraq sərhədində səsgücləndiricilər yerləşdirib, amma hələ ki, onları işə salmayıb.

Şimali Koreya şar kampaniyasının Cənubi Koreya fəallarının lider Kim Conq Unun avtoritar hakimiyyətini tənqid edən təxribat vərəqələri, K-pop mahnılarının və Cənubi Koreya seriallarının olduğu USB kartları atmaq üçün sərhədin digər tərəfinə şarlar gödnərməsinə cavab olduğunu bildirib.

Forum

XS
SM
MD
LG