Accessibility links

Amerikalı jurnalist Gerşkoviç Rusiyada mühakimə olunacaq


Arxiv fotosu - Wall Street Journal qəzetinin müxbiri Evan Gershkoviç Moskvada ümumi yurisdiksiya Birinci Apellyasiya Məhkəməsinin məhkəmə zalında şüşə qəfəsdə dayanır, 23 aprel 2024.
Arxiv fotosu - Wall Street Journal qəzetinin müxbiri Evan Gershkoviç Moskvada ümumi yurisdiksiya Birinci Apellyasiya Məhkəməsinin məhkəmə zalında şüşə qəfəsdə dayanır, 23 aprel 2024.

Rusiya rəsmiləri cümə axşamı bildiriblər ki, amerikalı jurnalist Evan Gershkoviç onun çalışdığı The Wall Street Journal qəzetinin saxta adlandırdığı ittihamlarla bir il əvvəl saxlandığı Yekaterinburq şəhərində mühakimə olunacaq.

Rusiya Baş Prokurorluğu Gerşkoviçə qarşı ittiham aktının yekunlaşdığını və onun işinin Yekaterinburqun Sverdlovski Rayon Məhkəməsinə təqdim edildiyini bildirib. Şəhər Moskvadan təxminən 1400 kilometr şərqdə yerləşir.

The Wall Street Journal qəzetinin Rusiya müxbiri olan Gerşkoviç 2023-cü ilin martında casusluq ittihamı ilə həbs olunduqdan sonra Moskvada həbsdə saxlanılır.

Gerşkoviç, The Wall Street Journal qəzeti və ABŞ hökuməti ittihamları rədd edir. ABŞ Dövlət Departamenti jurnalistin haqsız yerə həbs edildiyini bildirib.

Baş Prokurorluğun bəyanatında deyilir ki, 32 yaşlı jurnalist Sverdlovsk vilayətində hərbi texnika istehsalı və təmiri ilə məşğul olan müəssisə haqqında “məxfi məlumat toplamaqda” ittiham olunur.

Rusiya ilk dəfədir ki, jurnalistə qarşı ittihamların detallarını ictimaiyyətə açıqlayır. Rusiya rəsmiləri ölkədə işləmək üçün Xarici İşlər Nazirliyi tərəfindən akkreditasiya olunmuş Gerşkoviçə qarşı ittihamları əsaslandıracaq heç bir sübut təqdim etməyiblər.

Wall Street Journal qəzeti cümə axşamı günü Gerşkoviçin dərhal azad edilməsi çağırışlarını təkrarlayıb.

“Evan Qerşkoviçə saxta və əsassız ittihamlar irəli sürülüb. Rusiyanın saxta məhkəməyə doğru son addımı gözlənildiyi kimi məyusedicidir və hiddət doğurur”, Wall Street Journal qəzetinin naşiri Almar Latour və qəzetin baş redaktoru Emma Taker bildiriblər.

“Evan jurnalistdir. Rusiya rejiminin Evanı ləkələməsi iyrəncdir və hesablanmış və açıq-aydın yalanlara əsaslanır. Jurnalistika cinayət deyil. Evanın işi azad mətbuata hücumdur” - deyə, onlar əlavə ediblər.

Mətbuat azadlığı qrupları da Gerşkoviçin həbsini yenidən pisləyiblər.

“O, Rusiya hökuməti tərəfindən girovdur və casusluq ittihamları tamamilə uydurmadır”, Sərhədsiz Reportyorlar təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelyier Parisdən Amerikanın Səsinə deyib.

Rusiyanın Vaşinqtondakı səfirliyi Amerikanın Səsinin şərhlə bağlı müraciətinə dərhal cavab verməyib.

Məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil. Mətbuat azadlığı üzrə ekspertlər bundan öncə Amerikanın Səsinə məhkəmənin tam yəqinliklə saxtalaşdırılacağını, lakin bunun Moskva və Vaşinqton arasında məhbus mübadiləsi yolu ilə Gerşkoviçin azadlığa buraxılması üçün zəruri addım olduğunu bildiriblər.

Gerşkoviç hazırda Rusiyada həbsdə olan iki amerikalı jurnalistdən biridir. İkinci jurnalist - Azad Avropa/Azadlıq Radiosunun əməkdaşı Alsu Kurmaşeva 2023-cü ilin oktyabr ayından özünü “xarici agent” kimi qeydiyyatdan keçirməmək və Moskvanın Rusiya hərbçiləri haqqında dezinformasiya hesab etdiyi məlumat yaymaqda ittiham olunaraq həbsdədir.

ABŞ və Rusiya vətəndaşı olan Kurmaşeva ona qarşı irəli sürülən ittihamları rədd edib. ABŞ hökuməti həmçinin onun dərhal azad edilməsinə çağırıb.

Forum

XS
SM
MD
LG