Accessibility links

Riçard Vaytz: Ukrayna və NATO tərəfdaşlarının müdafiə istehsalının artırılması prioritetdir


Riçard Vaytz: Ukrayna və NATO tərəfdaşlarının müdafiə istehsalının artırılması prioritetdir
please wait

No media source currently available

0:00 0:06:34 0:00

Riçard Vaytz: Ukrayna və NATO tərəfdaşlarının müdafiə istehsalının artırılması prioritetdir

ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq bu həftə Ağ Evdə görüşdə alyansın Ukraynaya dəstəyi müzakirə ediblər. Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə maliyyə və hərbi dəstəyin NATO-nun iyulun əvvəlində Vaşinqtonda keçiriləcək sammitinin gündəmində əsas məsələlərdən biri olacağı gözlənilir. ABŞ dövlət katibi Antoni Blinken Stoltenberqlə birgə mətbuat konfransında bildirib ki, alyansın qarşıdan gələn sammitində əsas diqqət Ukraynanın uzunmüddətdə uğurunun möhkəmləndirilməsinə yönələcək. Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi elmi Riçard Vaytz Amerikanın Səsinə müsahibədə NATO müttəfiqlərinin Ukraynaya dəstəyi və Rusiyanın müharibədə strategiyası haqda danışıb.

Amerikanın Səsi: Prezident Bayden NATO-nun baş katibi Stoltenberqlə Vaşinqtonda görüşərək qarşıdan gələn NATO sammitini müzakirə edib. Sammit zamanı iştirakçılar Rusiyanın hərbi təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək yollarını müzakirə edəcəklər. Hazırda NATO-nun əsas məqsədləri və strategiyaları nədən ibarətdir?

Riçard Vaytz: Mən belə hesab edirəm ki, NATO hökumətlərinin əksəriyyəti bunun uzun bir müharibə olacağı qənaətinə gəliblər. Ona görə də prioritet Ukraynanın və onun NATO üzrə tərəfdaşlarının müdafiə istehsalının artırılması olacaq. İndiyə qədər Rusiya qismən Çin və digər ölkələrin köməyi sayəsində daha çox döyüş sursatı, cəbhə üçün daha çox silah istehsal edə bilib. ABŞ və tərəfdaşları Ukraynanın heç olmasa rusların azaltdığı səviyyəyə yaxınlaşmasını istəyir. Bu, NATO ölkələrinin Soyuq müharibədən sonra geridə qalan müdafiə istehsalının artırılmasında prioritet verdiyi məsələ kimi görünür. Onlar indi müdafiə sənayesini yenidən qurmağa çalışırlar.

Amerikanın Səsi: Stoltenberq dövlət katibi Blinkenlə danışıqlardan sonra Çin, Şimali Koreya və İranın Rusiyanın Ukraynada müharibəsini dəstəklədiyini vurğulayıb. O, xəbərdarlıq edib ki, əgər onlar Ukraynada uğur qazansalar, bu, alyansı daha da böyük riskə atacaq və dünyanı daha təhlükəli duruma gətirəcək. Stoltenberq Ukraynanın dəstəyinin alyansın təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Qərblə qarşıdurmada olan bu ölkələrin Ukrayna, alyansın təhlükəsizliyi və qlobal təhlükəsizliyə hansı potensial təhlükələri var?

Riçard Vaytz: Belə narahatlıqlar var ki, əgər Rusiya Ukraynanı hərbi yolla məğlub edə bilsə, Ukrayna ərazisini ələ keçirməyə, hakimiyyəti dəyişməyə və s. bunlara nail olsa, o zaman bu blokun digər üzvləri də belə düşünə bilərlər. Beləliklə, məsələn, Çin Tayvanı ələ keçirə və hökumətini dəyişdirə biləcəyini düşünə bilər. Bundan əlavə, onların blok yaradacaqları və ya bir-birini gücləndirməkdə davam edəcəkləri təhlükəsi var. Belə ki, biz prezident Putinin Şimali Koreyaya səfəri zamanı gördük ki, indi bunun Şimali Koreyanın Avropada istifadə üçün Rusiyaya hərbi tədarükünü artıracağına dair qorxular var. Bu arada Rusiya isə Şimali Koreyanın raket proqramı və digər müdafiə qabiliyyətlərinə kömək edəcək. Bu isə Cənubi Koreya, Yaponiya və digər Asiya ölkələri üçün daha böyük təhlükədir.Beləliklə, qorxu ondan ibarətdir ki, Avropada baş verənlər Asiyada baş verənlərə, Asiyada baş verənlər isə Avropada baş verənlərə təsir edəcək və bütün bunlar Qərb dünyası və onun dəyərləri üçün zərərlidir, belə ki bu ölkələr onlara əməl etmirlər.

Amerikanın Səsi: Rusiya prezidenti Vladimir Putin Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Conq Unla rəsmi olaraq hər iki ölkənin qarşılıqlı müdafiə öhdəliyini əhatə edən müqavilə imzalayıblar. Bu, müşahidəçilər arasında narahatlıq yaradıb. Belə ki, onlar bunun Ukrayna üçün ciddi nəticələrə səbəb ola biləcəyinə inanır. Bunun Ukraynada davam edən müharibəyə hansı təsiri ola bilər?

Riçard Vaytz: Bu müqavilədə konkret olaraq nə olduğu və onların başqa hansı müqavilələr bağladıqları bəlli deyil. Lakin qorxular onunla bağlıdır ki, Şimali Koreyanın Rusiyanın müdafiə səylərinə, ilk növbədə, aşağı dərəcəli artilleriya, şəxsi heyət və s. şəklində daha çox kömək edəcəyini görəcəyik. Bu Ukraynada vəziyyətə daha çox təzyiq göstərə bilər. Rusiya həmçinin Şimali Koreya və digər ölkələrlə əlaqələrindən istifadə edərək, Cənubi Koreyaya və ola bilsin ki, Yaponiyaya Ukraynaya yardım etməmək üçün təzyiq göstərə bilər. Ona görə də bu vəziyyətin həm Avropanın, həm də Asiyanın təhlükəsizliyini daha böyük risk altına qoyduğu hesab edilir.

Amerikanın Səsi: Rusiyanın davam edən münaqişədə hərbi, siyasi və ərazi baxımından konkret hansı məqsədləri var? Müharibənin hazırkı mərhələsində Kremlin niyyətləri və strateji məqsədləri nədən ibarətdir?

4 Riçard Vaytz: Prezident Putin öz tələblərini çox açıq şəkildə ifadə edib. Biz onun bunu bir həftə əvvəl İsveçrədə Ukraynada sülhə dair konfransdan əvvəl təkrarladığını gördük. Beləliklə, onlar olduqca ardıcıl idi. Yəni, bu, Krım da daxil olmaqla, müvəqqəti işğal olunmuş ərazilərdə Rusiyanın nəzarətinin Ukrayna tərəfindən tanınmasıdır, lakin bura həmçinin yeni işğal olunmuş dörd ərazi - Luqansk, Donetsk, Zaporijjya və Xerson regionları daxildir. O həmçinin Ukraynanın NATO-ya üzv olmamasını və onların bu barədə öhdəlik götürmələrini tələb edib. Onlar Ukraynada hərəkətlərinə görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara son qoyulmasını tələb ediblər. Prezident Putin, onun keçmiş baş naziri Medvedev və başqalarının Ukraynada hökumət dəyişikliyi, Qərbyönlü fraksiya adlandırdıqları qrupdan qurtulmaq və ABŞ və Qərb tərəfindən silah satışının dayandırılması kimi irəli sürdüyü başqa tələblər də var. Prinsip etibarilə, Ukrayna ya Rusiyanın bir hissəsinə, ya da Rusiyanın gələcəkdə Rusiya təcavüzünə müqavimət göstərə bilməyəcək “peykinə” çevrilir. Buna görə də mən bunları hələ də Rusiyanın məqsədləri kimi görürəm. Düşünürəm ki, Putin Rusiya prezidenti olduğu müddətdə bu, belə olacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG