Accessibility links

Zəncanda bir nəfər asılıb, Urmiyədə bir edam məhkumu ‘qan sahibləri’ tərəfindən əfv edilib


Son aylarda edam hökmlərinin icrası rekord həddə çatan İran İslam Respublikası prezident seçkiləri ərəfəsində də ölüm cəzalarını tətbiq etməyi davam etdirir.

Hüquq müdafiəçiləri bu yaxınlarda Zəncan şəhərində bir gəncin dar ağacından asıldığına dair məlumat yayıb. Urmiyədə isə bir məhkumun qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən əfv edilərək edamdan qurtulduğu bildirilib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının (IHR) cümə günü yaydığı məlumata görə, 30 yaşlı bir gəncin edam hökmü bir neçə gün əvvəl Zəncan şəhərinin mərkəzi həbsxanasında tətbiq edilib.

IHR narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar asılan şəxsin adının Fərhad Məsudiyan olduğunu açıqlayıb.

Hüquq müdafiə qurumunun bildirdiyinə görə, Məsudiyan təqribən 3 il əvvəl narkotik maddə daşıdığı üçün saxlanılıb və edama məhkum olunub.

Dövlət agentliyi İRNA isə Urmiyədə bir edam məhkumunun qan sahibləri (qətlə yetirdiyi şəxsin ailəsi) tərəfindən bağışlanaraq ölüm cəzasından qurtulduğunu bildirib. İRNA-nın adını A. N. olaraq açıqladığı şəxsin edam hökmü İranın Ali Məhkəməsi tərəfindən də təsdiq edilib və icra mərhələsinə çatmışdı.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.

İran höküməti xüsusilə keçən aprel ayından başlayaraq öz hüquqi normalarından da kənara çıxaraq edam hökmlərinin tətbiqini rekord həddə çatdırıb.

Forum

XS
SM
MD
LG