Accessibility links

Bayden zehni kəskinliyini və fiziki dözümlülüyünü müdafiə edir


ABŞ Prezidenti Co Bayden. 5 iyul, 2024.
ABŞ Prezidenti Co Bayden. 5 iyul, 2024.

Əlli illik siyasi karyerası olan və 2024-cü il seçki kampaniyası ilə üzləşən ABŞ Prezidenti Co Bayden cümə günü milli telelviziyada yayımlanan müsahibəsində təkid edib ki, o, keçmiş prezident Donald Trampa qarşı seçkilərdə qalib gəlmək və ölkəni daha dörd il idarə etmək üçün həm əqli, həm də fiziki dözümlülüyə malikdir.

“Mən ən çox kvalifikasiyası olan insanam və işlərin necə həll edilməli olduğunu bilirəm,” Bayden 22 dəqiqəlik müsahibədə ABC News kanalının aparıcısı Corc Stefanopolosa deyib. Bundan öncə cümə günü o, Vinkonsin ştatında keçirilən mitinqdə təxminən 300 tərəfdarına “Mən yarışda qalıram” deyib.

Vaşinqtonda bəzi Demokrat qanunvericilər özəl olaraq və getdikcə daha açıq bir şəkildə 81 yaşlı Baydenin nəinki növbəti dörd ildə ölkə idarə etmək, hətta noyabrın 5-də keçiriləcək seçkidən öncəki dörd ayda Trampa qarşı rəqabət aparmaq üçün nə zehni nə fiziki bacarıqlara malik olmadığına dair narahatlıqlarını ifadə ediblər.

Ancaq Bayden Stefanopolosa “Tanrı gəlib ‘Co, namizədliyini geri çək’ desəydi, mən geri çəkilərdim. Amma Tanrı gəlmir” deyib.

Demokratların Baydenin hakimiyyətdəki müddətinin başa çatdığına dair qorxuları Baydenin bir həftə öncə Trampla debatı zamanı çaşqın və durğun görsənməsindən, ara-sıra fikrindən yayınması və Trampa qarşı davamlı hücum keçə bilməməsi və ya vəzifədəki 3.5 ilini davamlı olaraq müdafiə edə bilməməsindən sonra artıb.

Bayden debat günü ilə bağlı “Mən yorğun idim. Özümü pis hiss edirdim…çox pis soyuqdəyməm var idi” deyib. O deyib ki, zəif performasında “məndən başqa heç kimin günahı yoxdur. O pis bir an idi.”

Ancaq Bayden cümə günü sayıq olub və Stefanopolosun suallarını çox az tərəddüdlə cavablandırıb. O, Trampa hücuma keçməyə hazır görünüb.

“Tramp patoloji yalançıdır,” Bayden iddia edib və əlavə edib ki, “Bu kişi anadangəlmə yalançıdır.” Bayden xəbərlərdə yer alan məlumatlara istinad edərək, Trampın 90 dəqiqəlik debat ərzində 28 dəfə yalan danışdığını deyib.

Stefanopolos bildirib ki, Tramp ABC-yə müsahibə vermək təklifini rədd edib.

Birləşmiş Ştatların ən görkəmli jurnalistlərindən biri olan Stefanopolos Baydendən nə vaxtsa nevroloji müayinədən keçib-keçmədiyini soruşub. Bayden isə cavab olaraq deyib ki, dünya və ölkə məsələləri ilə üzləşərək “Mən hər gün tam nevroloji müayinədən keçirəm.”

Koqnitiv (əqli qabiliyyət) testindən keçib-keçmədiyinə dair sualara cavab olaraq isə prezident “Heç kəs keçməli olduğumu deməyib” deyə cavab verib.

Baydenin debatdakı zəif performasından sonra bir sıra rəy sorğuları Respublikaçıların gözlənilən namizədi olan Trampın önə keçdiyini göstərib. Bayden 2020-ci ildə qalib gələndən sonra bu, 1956-cı ildən bəri, ilk dəfə olacaq ki, ardıcılı ABŞ prezident seçkilərində əsas partiyalardan eyni namizədlər bir-birilə rəqabət aparacaq.

Forum

XS
SM
MD
LG