Accessibility links

ATƏT/DTİHB Аzərbaycanda parlament seçkilərinə müşahidə missiyası göndərmək hazırlıqlarına başlayıb


ATƏT-in seçki müşahidə missiyası
ATƏT-in seçki müşahidə missiyası

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda keçiriləcək 1 sentyabr parlament seçkiləri ilə əlaqədar müşahidə missiyası göndərilməsinə hazırlıqlara başlayıb.

“2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün rəsmi dəvətdən sonra və mandatına uyğun olaraq, DTİHB bu seçkilər üçün Seçki Müşahidə Missiyasını (SMM) yerləşdirməyə hazırlaşır”, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəsmi internet səhifəsində qeyd edilib.

Məlumatda missiyada iştirak edəcək heyətlə bağlı müvafiq vakansiyalar elanı paylaşılıb və məlumat verilib.

ATƏT/DTİHB Аzərbaycanda parlament seçkilərini 300-dən çox müşahidəçi ilə uzunmüddətli missiyası üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi olmaqla, monitorinq aparacağını bildirib.

Missiyanın əsas heyətinin 30 iyuldan Bakıda yerləşdirilməsi planlaşdırılır.

Deputatlığa namizədlərin qeydiyyat prosesini, seçki kampaniyasını, seçki orqanları və müvafiq dövlət qurumlarının işini, seçki qanunvericiliyini və onun icrasını, media mühitini və seçki ilə əlaqədar şikayətlərin baxılmasını yaxından izləyəcəklər.

Missiya parlament seçkilərinin ATƏT qarşısında götürülən öhdəliklərə və demokratik seçkilər üzrə digər beynəlxalq standartlara və həmçinin yerli qanunvericiliyə uyğunluğunu qiymətləndirəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Deputatlığa namizəd kimi seçki dairəsində qeydiyyatdan keçmək üçün namizədliyi irəli sürülən şəxslər təmsil olunduğu seçki dairəsindən 400 seçicinin imzasını toplamalıdır.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri də növbədənkənar keçirilib.

Forum

XS
SM
MD
LG