Accessibility links

Azərbaycan altı ayda 12,7 milyard kubmetr qaz, 11,9 milyon ton neft ixrac edib


Neft-qaz boru kəmərləri
Neft-qaz boru kəmərləri

Azərbaycanda birinci yarım ildə 25 milyard kubmetrdən çox qaz, 14,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, neft hasilatının 8,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb.

“6 ay ərzində təxminən 11,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 10,3 milyon tonu konsorsiumun, 1,6 milyon tonu isə SOCAR-ın payına düşür. Cari ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 3,2 milyon ton təşkil edib. 2024-cü ilin iyun ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 585 ton olub. Bunun 65 597 tonunu xam neft, 14 988 tonunu kondensat təşkil edib”, Energetika Nazirliyi bildirir.

Məlumatda deyilir ki, 6 ay ərzində ölkədə 25,1 milyard kubmetr təbii qaz hasil edilib.

“Qazın 6,5 milyard kubmetri Azəri-Çıraq-Günəşlidən, 14 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri Abşerondan, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə
nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb.

“6 ay ərzində xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edibki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub”, nazirliyin məlumatında deyilir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, ilin birinci yarısında qaz hasilatı artsa da neft və kondensat hasilatı 800 min tondan çox azalıb.

"Azərbaycan hökuməti cari ilin dövlət büdcəsini qəbul edərkən 2024-cü ildə ölkədə 29,6 mln ton neft və kondensat hasil edəcəyini proqnozlaşdırmışdı. Amma ilin ilk yarısının nəticələri onu göstərir ki, hasilat 29 milyon tondan aşağı səviyyəyə qədər azala bilər. Ötən il ölkədə 30,1 mln ton çıxarılmışdı", o qeyd edib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG