Ukrayna ordusu şənbə günü Rusiyanın Morozovsk aerodromuna və Rusiyanın üç bölgəsində bir neçə neft və yanacaq anbarına hücum etdiyini bildirib.
Hərbçilərin bildirdiyinə görə, aerodroma hücum zamanı Rusiya qüvvələrinin digər texnika ilə yanaşı idarə olunan aviabombaların saxlandığı sursat anbarını hədəf alıb.
"Rusiya döyüş aviasiyası harada olur-olsun, bütün effektiv vasitələrlə məhv edilməlidir. Rusiya aerodromlarına zərbələr endirmək də kifayət qədər ədalətlidir. Bizə tərəfdaşlarımızla birgə təhlükəsizlik həlli lazımdır", deyə Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da yazıb.
Zelenski şənbə günü deyib ki, Rusiya qüvvələri son bir həftə ərzində 600-dən çox idarə olunan hava bombasından istifadə edərək Ukraynaya hücum edib. Ukrayna ordusunun hesabatına görə, Belqorod, Kursk və Rostov vilayətlərində neft bazalarına və yanacaq-sürtkü anbarlarına hücum nəticəsində ən azı iki neft çəni yanıb.
Ukrayna prezidenti dəfələrlə Qərb müttəfiqlərini sərhədə yaxın hərbi obyektlərə zərbə endirməklə yanaşı, Rusiyaya qarşı uzaq məsafədən hücumlar üçün silahlarından istifadə etməyə icazə istəyib.
Rusiyada yerli rəsmilər bildiriblər ki, Rostov vilayətinin Kamenski rayonundakı yanacaq anbarında çənlər pilotsuz təyyarənin hücumu nəticəsində yanıb.
Belqorod vilayətinin qubernatoru da Ukrayna tərəfindən buraxılan pilotsuz təyyarələrin oradakı neft anbarında yanğına səbəb olduğunu, yanğının söndürüldüyünü və xəsarət alan olmadığını bildirib.
Ukrayna bu il Rusiyanın neft obyektlərinə hücum etmək üçün uzun mənzilli pilotsuz təyyarələrdən istifadəni kəskin şəkildə artırıb. Bu yolla Kyiv Moskvanın 29 aylıq işğalında Rusiya qüvvələrinə və ölkə iqtisadiyyatına zərər vurmağa cəhd edib.
Forum