Konqres Respublikaçılarının və prezidentliyə namizədləri Donald Trampın xarici siyasətdə bir sıra məsələlərdə mövqeləri üst-üstə düşür. Bura ABŞ-ın İsrailə dəstəyi də daxildir. Amma qanunvericilər arasında Çinlə bağlı, xüsusilə də tarif siyasəti, eyni zamanda Ukraynaya dəstəklə bağlı məsələdə fikir müxtəlifliyi mövcuddur.
Sabiq prezident Donald Tramp keçən ay İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdü.
Donald Tramp, Respublikaçıların prezidentliyə namizədi: “Heç bir prezident İsrail üçün mənim gördüyüm qədər iş görməyib və bizim yaxşı münasibətlərimiz var.”
Tramp daha öncə 7 oktyabrda HƏMAS hücumuna imkan verən təhlükəsizlik səhvlərinə görə Netanyahunu tənqid etmişdi. Qeyri-müəyyənlik Tramp prezidentliyinin xüsusiyyətlərindən biri idi. Təhlilçilərdən biri deyir ki, Respublikaçıların xarici siyasətlə bağlı 2024 platforması bunu əks etdirir.
Kris Tatl, Xarici Əlaqələr üzrə Şura: “Çoxlu spesifik məqamlar olmur və bu ona imkan verir ki, xarici siyasəti bütün prezidentlik müddəti riayət etməli olduğu bir ardıcıllıq əvəzinə həmin ana müvafiq formada reallaşdırsın.”
Respublikaçılar iddia edirlər ki, TikTok sosial media tətbiqi Çin hökuməti tərəfindən idarə edilir və istifadəçilərin məlumatlarının istifadəsi ilə siyasi inanclara təsir edə bilir.
Mit Romni, Respublikaçı senator: “Mən Çin Kommunist Partiyasının bizim vətəndaşların şəxsi məlumatlarına və ya Amerika ictimaiyyətinə propaqanda edən alqoritmə sahib olmasını istəmirəm.”
Amma Tramp bu il TikTok-la bağlı mövqeyini dəyişib.
Donald Tramp, Respublikaçıların prezidentliyə namizədi: “Biz TikTok-u xilas edəcəyik. Onlar Tiktok-u məhv etmək istəyir. TikTok-da olan hər kəs Trampa səs verin.”
Tramp həmçinin NATO-nu tənqid edərək, üzv ölkələrin üzərinə düşən hissəni ödəmədiyini iddia edib. Onun vitse-prezidentliyə namizədi JD Vans isə Birləşmiş Ştatların Ukraynaya maliyyə dəstəyi göndərməsinə tənqidi yanaşıb.
JD Vans, Respublikaçıların vitse-prezidentliyə namizədi: “Gəlin ərazidə dəyüşən Ukrayna qoşunlarının cəsarəti ilə onların Avropada və bəlkə də bütün dünyada ən korrupsiyalaşmış rəhbərliyə və hökumətə sahib olduqlarını qarışdırmayaq.”
Bu, Ukraynaya dəstəyin Avropa demokratiyasının müdafiəsi üçün vacib olduğunu deyən Senat Respublikaçılarının lideri Mitç Makkonelin fikrinin əksidir.
Mitç Makkonel, Senat Respublikaçılarının lideri: “Amerikanın aqressiyaya mütləq güclə cavab verəcəyi və ya müttəfiqlərimizi 100 faiz dəstəkləyəcəyi artıq sual deyil.”
Təhlilçilər deyir ki, Trampın tariflərin qaldırılması ilə bağlı vədləri Konqres respublikaçılarının bəziləri ilə gərginliyə səbəb ola bilər.
Qordon Qrey, Corc Vaşinqton Universiteti: “Bu, Respublikaçılar Partiyasının 2016-cı ildən bəri necə dəyişdiyini göstərir. Respublikaçılar tarixən azad ticarət dəstəkçiləri olublar.”
Tramp seçildiyi halda Çinə qarşı ən azı 60 faiz və digər ölkələrdən olan idxala isə 10 faiz tarif tətbiq edəcəyini vəd edib.
Forum