Accessibility links

Ukraynalı komandir: Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət edirik


Ukrayna hərbi komandiri deyir ki, ölkəsinin silahlı qüvvələri hazırda Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət edir.

Bununla ilk dəfədir ki, Ukrayna hərbi rəsmisi Kreml üçün sürpriz olan hərbi müdaxiləni təsdiqləmiş olur.

General Oleksandr Sırskinin son açıqlaması Prezident Volodımir Zelenskinin Telegram kanalında öz əksini tapır. Həmin videoda Sırski ali baş komandana cəbhədəki vəziyyət barədə raport verir.

"Qoşunlar öz vəzifələrini yerinə yetirir. Bütün cəbhə xətti boyunca döyüşlər davam edir. Situasiya nəzarətimiz altındadır," Sırski bildirib.

Ukraynanın qəfil hücumundan bir həftə sonra Rusiya qüvvələri hələ də ərazidə müdafiə tədbirləri görmək üçün çarpışırlar.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Ukraynanın Kursk bölgəsinə daxil olmasının diqqəti Moskvanın Ukraynanın şərqindəki Donbas bölgəsinə hücumundan yayındırmaq və nəticədə müharibəyə son qoymaq yolundakı danışıqlarda daha yaxşı mövqeyi əldə etmək cəhdi olduğunu deyib.

Putin bildirib ki, Kyiv Rusiyanın cənub-qərbindəki Kursk bölgəsinə hücum edərək, ola bilsin ki, Rusiyada sabitliyi pozmağa çalışıb, lakin buna nail olmayıb. O, Rusiya ordusuna qoşulmaq üçün könüllülərin sayının artdığını bildirib və Rusiyanın hərbi məqsədlərinə çatacağına söz verib.

"Düşmənin sərhədimizə yerləşdirdiyi döyüşə bilən qüvvələr də olmaqla, Ukrayna silahlı qüvvələrinə verdiyi itkilər kəskin şəkildə artır," Putin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri və vilayət qubernatorları ilə televiziya görüşü zamanı deyib.

Ukrayna Prezidenti Volodımir Zelenski şənbə günü hölkumətinin baş verənlərlə bağlı sükutunu pozmuşdu. Axşam çağı xalqa ənənəvi müraciətində Zelenski detallara varmadan “müharibənin təcavüzkar ərazisinə itələndiyini” bildirmişdi.

Forum

XS
SM
MD
LG