Accessibility links

Çinin baş naziri Rusiya və Belarusa səfər edir


Pekinin Xarici İşlər Nazirliyi bildiribki, Çinin baş naziri Li Qian Rusiya və Belarusa səfər edir.

Linin səfəri Çin və Rusiyanın iqtisadi əməkdaşlığı və diplomatik əlaqələri gücləndirdiyi vaxta təsadüf edir.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin mətbuat konfransında "İki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri xarici müdaxiləni aradan qaldırıb, sağlam və sabit inkişafı qoruyub saxlayıb" deyib.

O, açıqlamasında bildirib ki, Linin çərşənbə axşamından cümə gününə kimi səfəri "Çin və Rusiya hökumət başçıları arasında 29-cu müntəzəm görüşü" əhatə edəcək.

Mao bildirib ki, Li rusiyalı həmkarı Mixail Mişustinlə danışıqlarda "ikitərəfli münasibətlərdə praktiki əməkdaşlıq və ümumi maraq doğuran məsələlərlə bağlı dərin fikir mübadiləsi aparmağı" planlaşdırır.

Pekinin heç vaxt pisləmədiyi Moskvanın Ukraynaya müdaxiləsindən sonra Rusiya və Çinin strateji tərəfdaşlığı daha da yaxınlaşıb. Çin özünü müharibədə bitərəf tərəf kimi təqdim edir və ABŞ və digər Qərb dövlətlərindən fərqli olaraq heç bir tərəfə ölümcül yardım göndərmədiyini bildirir.

Bununla belə, Çin Rusiyanın yaxın siyasi və iqtisadi müttəfiqidir. NATO üzvləri Pekini müharibənin “həlledici köməkçisi” adlandırırlar.

Belarus lideri Aleksandr Lukaşenko ötən il iki dəfə Çinə səfər edib və dekabrda Pekinə “etibarlı tərəfdaş” olacağını vəd edib. Belarus siyasi və maliyyə dəstəyi üçün Rusiyaya çox güvənir və 2022-ci ilin fevralında Moskvanın Ukraynaya qarşı hücumu üçün başlanğıc meydançası kimi istifadə edilib.

Belarus iyul ayında rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatına qoşulub və Pekinin ABŞ-ın rəhbərlik etdiyi dünya nizamına potensial əks çəki kimi baxan ölkələr blokunun 10-cu üzvü olub.

Mao bazar ertəsi deyib: "Çin və Belarus hərtərəfli strateji tərəfdaşlardır".

Forum

XS
SM
MD
LG