Demokratların Milli Qurultayının ikinci günündə güclü nitqlərlə çıxış edən Barak və Meşel Obama cütlüyü vitse-prezident Kamala Harrisə dəstək verdilər və Respublikaçı Donald Trampa qarşı sərt tənqidlər səsləndirdilər.
Harris və onun vitse-prezidentliyə namizədi qubernator Tim Valz Çikaqonu tərk edərək, seçkinin nəticəsinə mühüm təsiri olan Viskonsin ştatında seçiciləri cəlb etmək üçün Milvoki şəhərində seçki görüşü keçirdilər. Bu isə onu göstərir ki, qurultayda ab-hava nə qədər müsbət olsa da, Demokratlar bu seçkidə tərəflərin nəticələrinin yaxın olacağını gözləyirlər.
Qurultayın ikinci gecəsində yaşanan mühüm məqamlar:
Sabiq prezidentlər klubu
Qurultay gecəsində çıxış edənlər arasında Harrisə ən böyük dəstəyi verənlər keçmiş Prezident Barak Obama və onun həyat yoldaşı Mişel oldu. Mişel Obama Harrisi ərinə bənzədərək, izdihama “Amerika, ümid geri qayıdır” dedi.
Barak Obama isə öz növbəsində 2004-cü il qurultayında özünün çıxışına istinad edərək, Harrislə özünün irsi arasında əlaqəni vurğuladı: “Mən ümid hiss edirəm – çünki bu qurultay bu ölkədə hər zaman hər şeyin mümkün olduğuna inanan, gülməli adları olan uşaqlara yaxşı davranıb.”
Vitse-prezidentə dəstəyini təkcə Obamalar vermədi. Cimmi Karter və Con F.Kennedinin nəvələri də Harrisi keçmiş Demokrat liderlərinin təbii davamçısı kimi təsvir etdilər.
Demokratların ilk qara qadın namizədi olan Harrisin yenilikçiyini vurğulayan natiqlər Obamanın 2008-ci ildə namizədliyi zamanı yaşanan həyəcanı xatırlatmağa çalışdı ki, Harris də bunu təkrarlamağa ümid edir.
Mişel Obamanın əvvəlki tərzindən fərqli nitqi
Obamalar Trampı tənqid etməkdən çəkinmədilər. Mişel Obamanın keçmiş illərdə çox istifadə etdiyi “onlar mənəvi baxımdan aşağı enəndə, biz yüksəlirik” məsəli belə görünür ki, artıq işləmir.
Barak Obama Trampı “doqquz il öncə qızıl eskalatorundan enəndən bəri problemləri barədə şikayət etməyi dayandırmayan 78 yaşlı milyarder” adlandırdı.
Mişel Obama da şəxsi tənqid irəli sürərək, “Donald Tramp illər boyu insanları bizdən qorxutmaq üçün əlindən gələni etdi. Onun məhdud və dar dünyagörüşü səbəbilə, qara olan iki çalışqan, yüksək təhsilli, uğurlu insanların varlığı ona özünü təhdid olunmuş kimi hiss etdirirdi.”
Respublikaçıların mənəvi cəhətdən aşağı olan işlərlə məşğul olması ilə bağlı məşhur cümləsinə istinad edən Mişel Obama Trampın “kiçik işlər gördüyünü” və “bunun qeyri-sağlam” olduğunu “və açığı, prezidentliyə yaraşmadığını” dedi.
Rəqs məclisi
Texniki olaraq siyasi qurultaylar deleqatların prezidentliyə və vitse-prezidentliyə namizədləri nominasiya etmək məqsədilə keçirilir.
Bu il isə Demokratlar bu işi əvvəlcədən həll etdi. Bununla belə, onlar bu formal tədbiri keçirməyə və onu səs-küylü rəqs məclisinə çevriməyə qərar verdilər.
Mavi kostyumla səhnədə çıxış edən DJ Cassidy hər bir ştat Harris və Valzı nominasiya etdiyi zaman fərqli musiqilər səsləndirdi. O, Minnesota ştatının nominasiyası zamanı Prince-in “1999” mahnısını, Kanzas üçün Kansas-ın “Carry on Wayward Son,” Nyu Cersinin nominasiyası zamanı isə Bruce Springsteen-in “Born in the U.S.A.” mahnısını səsləndirdi.
Əksər hallarda səsvermə nəticələrini ştat qubernatorları və ya partiya sədrləri açıqladı, amma bəzi ştatlar mühüm məsələləri vurğulamaq üçün mikrofonu başqalarına uzatdı. Məsələn, Texasın səslərini həyat qabiliyyəti olmayan dölü abort edə bilmək üçün yaşadığı Texas ştatını məhkəməyə verən və uduzan Keyt Koks açıqladı. Nevadanın səslərini isə 2017-ci ildə Las Veqasda baş verən silahlı qırğında sağ qalan şəxs açıqladı.
Doq Emhofun çıxışı
Doq Emhof çərşənbə axşamı qurultayda etdiyi çıxışında Harrislə sevgi heyakələrini anlatdı və seçiciləri cəlb etmək üçün özəl hekayələr paylaşdı. O, ilk telefon danışıqlarından bəhs etdi ki, həmin zaman o, Harrisə qarışıq səsli mesaj qoyub və Harris hər il ildönümlərində ona həmin səsli mesajı dinlətdirir.
“Mən o gülüşü sevirəm” deyən Emhof, Trampın Harrisin gülüşü ilə bağlı tənqidinə cavab verdi.
Harrisin yardımçısının dediyinə görə, o, Milvokidə seçki görüşündən sonra Çikaqoya geri dönərkən, Air Force Two təyyarəsi onun ərinin çıxışını izləyə bilməsi üçün əlavə 10 dəqiqə havada qalıb.
Emhof dedi ki, o, “Harrisə tez vuruldu” və əlavə etdi ki, Harris “ədalətin arxasında getməkdən” xoşbəxt olur və “bullilərə qarşı çıxır.” Emhof seçiciləri əmin etməyə çalışır ki, onun 10 ildir evli olduğu qadın Trampa qarşı mübarizə apara bilir.
Respublikaçılara mesaj: Trampdan imtina etmək olar
Demokratlar narazı Tramp seçicilərini cəlb etməyə çalışdı və öz fikirlərini sübut etmək üçün onun Ağ Evdəki sabiq işçilərinin birindən istifadə etdi.
Stefani Qrişam Trampın rəhbərliyi altında Ağ Evdə müxtəlif rollarda çalışıb. Buna kommunikasiya direktoru və mətbuat katibi vəzifələri daxildir. Bu da Demokratlara Trampı ən yaxşı tanıyanların onun ən pis tərəflərini gördüklərini iddia etmələrinə imkan verir.
“Onun nə empatiyası, nə mənəviyyatı nə də həqiqətə sədaqəti var,” Qrişam dedi. “Mən artıq bu dəliliyin bir hissəsi ola bilməzdim.”
Alabamadan olan və Trampa səs verən Kayl Svitser qurultayda dedi ki, sabiq prezidentin tətbiq etdiyi tariflər onun kimi tikinti işçilərinin həyatını çətinləşdirirdi. Arizonanın Mesa şəhərinin respublikaçı meri Con Cils də həmçinin Harrisi dəstəkləməsnin səbəblərini izah edib. Cils Trampın siyasətinin onun şəhəri kimi şəhərlərə ziyan vurduğunu düşünür.
Forum