Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkili məsələləri müzakirə edilib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X platformasında məlumat yayıb.
Məlumatda deyilir ki, peyk internet xidmətinin təşkili rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Bakıda səfərdə olan “Starlink” peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterin görüşündə müzakirə edilib.
Xatırladaq ki, bu il mayın 9-da Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” və ABŞ-ın “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Azərkosmos” və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.
Razılığa əsasən “Azərkosmos” tərəfindən Azərbaycanda artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə, kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən istifadə oluna bilər.
“SpaceX” şirkəti “Starlink” peyk şəbəkəsi ilə Yer kürəsinin hər bir nöqtəsini peyk interneti ilə təmin etməyi hədəfləyir. Şirkət peyklərin orbitə buraxılmasına 2018-ci ildən başlayıb və indiyədək 4000-dən çox peyk orbitə buraxıb.
Forum