Almaniyanın qərbində Solingen şəhərində izdihamlı bir festivalda bıçaqlı hücum törədərk, üç nəfəri öldürüb, beşi kritik olaraq, ən azı səkkiz nəfəri yaralayan naməlum şəxsin axtarışlarına şənbə günü xüsusi polis bölmələri qoşulub.
“Polis hazırda hadisəni törədən şəxsi tapmaq üçün genişmiqyaslı axtarışlar aparır,” polis açıqlamasında bildirib. “Həm qurbanlar, həm də şahidlər hazırda dindirilir.”
Polis hücum edən şəxsin kimliyini müəyyən etdiklərinə işarə etməyib və insanlara ayıq olmaları barədə xəbərdarlıq edib. Polis şahidlərin hücumla bağlı video və ya hər hansı başqa məlumat paylaşa bilmələri üçün onlayn portal yaradıb.
İnsanlar cümə günü axşam 9:30-dan qısa müddət sonra polisi naməlum bir hücumçunun mərkəzi meydan olan Fronhofda bir neçə nəfəri yaraladığı barədə məlumatlandırıb. Polis hücumların tək hərəkət edən bir şəxs tərəfindən həyata keçirildiyini düşündüyünü bildirib və qurbanların kimlikləri barədə məlumat verməyib.
Şəhərin 650-ci ildönümünü qeyd edən “Müxtəliflik Festivalı” cümə günü başlayıb və bazar gününədək davam etməsi nəzərdə tutulmuşdu. Şəhərin mərkəzi küçələrində quraşdırılan səhnələrdə canlı musiqi, kabare və akrobatika şouları nümayiş etdirilirdi.
Hücum səhnələrdən birinin önündəki izdihamda baş verib. Hücumdan bir neçə saat sonra polis meydanda dəlil axtradığı bir vaxtda, səhnənin işıqları hələ də yanırdı.
Festivalın təşkilatçılarından Filip Muller cümə günü səhnəyə çıxaraq, festival iştirakçılarını “sakitcə getməyə, sayıq olmağa” çağırıb, “çünki hadisəni törədən, təəssüf ki, hələ ki, ələ keçirilməyib.” 160 min sakini olan Solingen Köln və Düsseldorf şəhərlərinin arasında yerləşir.
Festivalın geri qalan hissəsi təxirə salınıb.
Almaniya kanselri Olaf Şolz şənbə günü deyib ki, hücumu edən şəxs tez bir zamanda ələ keçirilməli və qanunu bütün gücü ilə cəzalandırılmalııdr.
“Solingendəki hücum məni böyük dərəcədə sok edən dəhşətli bir hadisədir. Hücum edən şəxs bir neçə nəfəri qəddarcasına öldürüb. Mən Solingenin meri Tim Kurzbaxla danışmışam. Biz qurbanların yasını tuturuq və onların ailələrinin yanındayıq,” Şolz X sosial media platformasında deyib.
Almaniya Prezidenti Frank-Valter Steinmayer də şənbə səhər merlə danışıb.
“Solingendəki xain hadisə məni və ölkəmizi şoka saldı. Biz ölənlərin yasını tuturuq, yaralılara görə isə narahatıq. Mən ürəkdən onlara güc və tez bir zamanda sağalmalarını arzu edirəm,” Steynmayer şənbə günü açıqlamasında deyib.
“Hadisəni törədən şəxs məsuliyyətə cəlb olunmalıdır. Gəlin nifrət və zokalığıa qarşı birlik olaq,” o söyləyib.
Forum