Şənbə günü Rusiya ilə Ukrayna arasında hər tərəfdən 100-dən çox hərbi əsirin mübadiləsi aparılıb.
Ukrayna bildirib ki, sərbəst buraxılan ukraynalı hərbçinin 115-i çağırışçı olub və onların çoxu Rusiyanın hərbi müdaxiləsinin ilk aylarında əsir düşüb. Onlar arasında Mariupolda Azovstal polad zavodunda Rusiya qüvvələri tərəfindən ələ keçirilən təxminən 50 əsgər də var.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, 115 rus əsgəri Ukrayna qüvvələrinin iki həftə öncə gözlənilməz müdaxiləyə başladıqları Kursk regionunda ələ keçirilib. Nazirlik bildirib ki, əsgərlər hazırda Belarusdadır, amma tibbi müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski X sosial media platformasında bildirib ki, mübadiləyə yenə Birləşmiş Ərəb Əmirlikləri vasitəçilik edib. Bu, Rusiya 2022-ci ilin fevralında tammiqyaslı hərbi müdaxiləyə başlayandan bəri baş tutan 55-ci hərbi əsir mübadiləsidir.
Zelenskinin X-də paylaşdığı fotolarda Ukrayna bayraqlarına bürünmüş, saçları qırxılmış arıq əsgərlər əks olunub.
“Biz hər birini xatırlayırıq. Biz axtarırıq və hər kəsi geri qaytarmaq üçün əlimizdən gələni edirik,” Zelenski deyib.
İki tərəfdən rəsmilər yalnız uzun hazırlıq və diplomatiyadan sonra cəsədlər və müharibə əsirlərinin mübadiləsi zamanı görüşür. Nə Ukrayna nə də Rusiya ümumilikdə neçə hərbi əsirin olduğunu bildirmir.
BMT-nin məlumatına görə, əksər ukraynalı hərbi əsirlərə müntəzəm tibbi qayğı göstərilmir, onlar ağır və sistematik pis rəftara və hətta işgəncəy məruz qalırlar. Bununla yanaşı bir neçə halda rus əsgərlərin də saxlanılan və ya təcrid düşərgələrinə aparılan zaman pis rəftara məruz qaldıqlarına dair məlumatlar yayılıb.
Forum