Accessibility links

HƏMAS və İsrail atəşkəs razılaşmasının əldə olunmamasında bir-birini ittiham edir


HƏMAS militant qrupu cümə axşamı yaydığı bəyanatda İsrailin baş naziri Benyamin Netanyahunu Qəzzada atəşkəs razılaşmasının qarşısını almaqda ittiham edib. Bu bəyanat baş nazirin İsrailin öz tələblərində möhkəm duruşu ilə hərbi təzyiqini birləşdirəcəyini deməsindən bir gün sonra yayılıb.

HƏMAS-ın bəyanatında deyilir ki, militant qrup Birləşmiş Ştatlar tərəfindən irəli sürülən təklifə iyul ayında razılıq verdiyi üçün atəşkəslə bağlı yeni danışıqlara ehtiyac yoxdur.

“Biz sizə Netanyahunun tələsinə və hiylələrinə düşməmək üçün xəbərdarlıq edirik. O, danışıqlardan bizim insanlara qarşı aqressiyanı uzatmaq üçün istifadə edir”, bəyanatda deyilir.

Çərşənbə günü Qüdsdə keçirilən mətbuat konfransında Netanyahu İsrailin daha öncə irəli sürülən atəşkəs təklifinə razılıq verdiyini, amma HƏMAS-ın həmin təklifi rədd etdiyini deyib

Netanyahu həmçinin İsrailin Misir-Qəzza sərhədi ərazisində yerləşən 14 kilometrlik Filadelfi dəhlizi üzərinə nəzarəti saxlayacağı ilə bağlı mövqeyində qalıb:

“Qəzza ilə bağlı 3 məqsəd var: İlk məqsəd HƏMAS-ın ordusunu və idarəetmə qabiliyyətini məhv etmək. İkinci, bizim girovların azad edilməsi. Üçüncü isə Qəzzanın bir daha İsrailə təhdid yaratmayacağına əmin olmaq. Məqsədlərin hər üçü İsrailin Filadelfi dəhlizinə nəzarətindən keçir”.

Çərşənbə axşamı Vaşinqtonda Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi müxbirlərlə görüşündə atəşkəs danışıqlarının davam etdiyini və razılaşmanın iki məqamdan başqa “demək olar ki,” hazır olduduğunu deyib. Həmin məqamlar israilli qirovların əvəzinə fələstinli məhbusların azad edilməsi və sazişin birinci fazasında İsrail qoşunlarının yerləşdirilməsidir.

Oktyabrın 7-də İsrailin cənubunda törədilən terror aktı zamanı HƏMAS militantları 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxın adamı girov götürüb.

İsrailin əks-hücumları Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla, 41 min fələstinlini ölümunə səbəb olub. İsrail ordusu isə ölənlər arasında minlərlə HƏMAS döyüşçüsü olduğunu bildirir.

Forum

XS
SM
MD
LG