ABŞ-ın Demokrat Vitse-prezidenti Kamala Harris və sabiq Respublikaçı Prezident Donald Tramp arasında çərşənbə axşamı debat keçirildi. Bu, noyabrın 5-də keçiriləcək ümumilli seçkilərdən öncə iki namizəd arasında ilk və mümkündür ki, son qarşılaşmadır.
İki namizəd debatın başlanğıcında əl sıxışaraq, Filadelfiyada yerləşən Milli Konstitusiya Mərkəzindəki səhnədə öz yerinə keçib, bir-birini atəşə tutmağa başladı.
Onlar ABŞ iqtisadiyyatı, Amerika qadınlarının abort hüquqları, ABŞ-ın Meksika ilə sərhədində immiqrasiya, İsrailin Qəzzada HƏMAS militantlarına qarşı müharibəsi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və 2021-ci ilin yanvarın 6-da Konqres Trampın 2020-ci il seçkisindəki məğlub olduğunu təsdiqlədiyi zaman ABŞ Kapitolisindəki iğtişaşla bağlı fikirlərini səsləndirdi.
Trampın 2020-ci ildə Prezident Co Baydenə məğlub olduğu seçkiyə istinad edən Harris dedi ki, “Donald Tramp 81 milyon insan tərəfindən işdən çıxarıldı. O bunu qəbul etməkdə çox çətinlik çəkir.”
Tramp bu yaxınlarda seçkidə “cüzi fərqlə” uduzduğunu deyib, ancaq çərşənbə axşamı debat səhnəsində bunun istehza ilə söylənmiş bir ifadə olduğunu dedi və 2020-ci il seçkisinin nəticəsinin legitimliyini etiraf etməkdən imtina etdi.
“Biz iflasa uğrayan bir ölkəyik,” Tramp dedi. “Biz ciddi tənəzzüldəyik və bütün dünya bizə gülür,” o əlavə etdi.
CNN bildirdi ki, 90 dəqiqəlik debatdan sonra keçirdiyi rəy sorğusunun nəticələri Harrisin 63-37 faiz nisbətilə qarşılaşmanın qazananı olduğunu göstərib.
Bundan əlavə bütün dünyada məşhur olan müğənni Teylor Svift də debat bitəndən sonra Demokrat namizədə dəstəyini elan etdi.
Bayden iyun ayında Trampla debatında zəif performans sərgiləyib, bir ay sonra seçki kampaniyasını sonlandıraraq vitse-prezidenti olan Harrisi dəstəkləyib.
Məhkəmə zallarında müdafiə vəkilləri ilə sərt qarşıdurmalara öyrəşmiş San-Fransiskonun keçmiş cinayət prokuroru və Kaliforniyanın baş prokuror olan Harris çərşənbə axşamı dəfələrlə Trampı təndiqləri ilə təhrik etdi.
O, Trampın ən böyük tərəfdarlarının belə onun kampaniya görüşlərindən tez getdiklərini, çünki onun çıxışlarından bezdiklərini dedi.
Tramp isə Harrisi marksist adlandıraraq, solçu iqtisadiyyatçı olan atasının onu “yaxşı öyrətdiyini” dedi.
“Bu radikal solçu liberaldır,” Tramp Harrisə istinadən dedi.
Harris orta sinifdən gəldiyini, anasının illərlə pul yığaraq, o yeniyetmə ikən ev ala bildiyini dedi.
Bu arada isə Harris Trampa atası tərəfindən “gümüş qabda” 400 milyon dollar verildiyini və “onun altı dəfə özünü müflis elan etdiyini” dedi.
Tramp Bayden və Harrisin dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatını idarə etmə şəklini tənqid etdi və dedi ki, ABŞ “steroid istifadə edən Venesuela”ya çevrilir. Harris isə dedi ki, Trampın idxal edilən xarici mallara 20 faizə qədər vergi tətbiq etməsi amerikalı istehlakçılar üçün “Trampın satış vergisi” olacaq.
O, Trampı ABŞ Ali Məhkəməsinə üç mühafizəkar hakim təyin etməklə konstitusion abort hüququna son qoymaqda günahlandırdı. Tramp dedi ki, 2022-ci ildə qəbul edilən qərarla individual ştatlardakı seçicilər məsələ ilə bağlı özləri qərar verə bilərlər.
Harris dedi ki, “hökumət və Tramp qadınlara öz bədənləri ilə nə etməli olduqlarını deməməlidir.”
Tramp Harrisi Bayden administrasiyasının üzvü olaraq ABŞ-Meksika sərhədindən miqrant axınına nəzarət edə bilməməsinə görə günahlandırdı. Tramp dedi ki, hazırda ABŞ-da yaşayan 11 milyon sənədsiz miqratı deportasiya etməyi planlaşdırır. Amma o, iki dəfə Muirin insanları necə həbs edib, ölkələrinə geri göndərəcəyinə dair sualı cavablandırmaqdan yayındı.
Sabiq prezident dəfələrlə əlaqəsiz sualları cavablandırdı, Harrisin sərhədlə bağlı gördükləri işlə bağlı şərhlər etdi. Respublikaçılar onu “sərhəd çarı” adlandırıb, çünki Bayden ona insanların Mərkəzi Amerikadakı evlərini tərk edərək, Birləşmiş Ştatlara gəlmələrinin əsas səbəblərini müyyən etmək tapşırığı verib.
Tramp qəribə bir iddia irəli sürərək, haitili miqrantların Ohayo ştatının Sprinqfild şəhərində qonşularının pişik və itlərini oğurlayaq, onları yediklərini dedi.
Muir isə Trampın bu iddiasını təkzb edərək, şəhərin menecerinin ABC News-a bu iddianın doğru olmadığını bildirdiyini dedi.
Tramp iddia etdi ki, o prezident olsa idi, nə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, nə də HƏMAS-ın oktyabrın 7-də İsrailə gözlənilməz hücumu baş verərdi. O dedi ki, seçilsə, hər iki münaqişəni yanvar ayında vəzifəsinin icrasına başlamadan həll edəcək, amma bunu necə edəcəyini demədi.
Harris isə etiraz edərək, “Donald Tramp Prezident olsa idi (Rusiya Prezidenti Vladimir) Putin indi gözlərini Avropanın geri qalan hissəsinə dikmiş halda Kivdə oturardı” dedi.
Tramp iki dəfə Ukraynanın müharibədə qalib qəlməsini istədiyini deməkdən imtina edərək, daha çox insanın ölməsinin qarşısını almaq üçün müharibənin başa çatmasını istədiyini dedi.
Bir-birindən qısa məsafədə dayanan namizədlər bir-birinin sözlərinə baş yellədilər, Harris isə hətta Trampın bəzi sözlərinə səsli güldü. ABC News kanalının aparıcıları Deyvid Muir və Linsi Deyvis qarşılaşmanın axınına nəzarət etməyə çalışsalar da, zaman-zaman buna müvəffəq olmadılar.
İki namizəd arasında yeganə ola biləcək debatı on milyonlarla amerikalıının izlədiyi güman olunur. Qarşılaşma seçki günündən səkkiz həftə öncə baş tutsa da, o, ölkənin 50 ştatının bəzilərində erkən səsvermənin başlamasından bir neçə gün öncəyə təsadüf edib.
Debat səhnəsində Harris və Tramp üçün qaydalar iyun ayında Trampla Prezident Co Bayden arasında keçirilən debatla eyni oldu. Həmin debatda Bayden zəif performans sərgiləmişdi və bu da onun, rəy sorğularında Trampdan geri qalmasından sonra namizədliyini geri çəkməsinə gətirib çıxarmışdı.
Bir namizəd danışarkən digərinin mikrofonu söndürülmüşdü və onların bir-birinə sual ünvanlamalarına icazə verilmirdi.
Bununla belə, onlar bir-birinin sözünü kəsirdi. Debatda canlı tamaşaçı yox idi.
Bu, prezidentliyə namizəd olaraq Harrisin ilk debatı, Trampın isə 2016-cı ildən bəri üç seçki kampaniyası zamanı iştirak etdiyi yeddinci debatdır.
Rəy sorğuları iki namizədə dəstəyin bir-birinə çox yaxın olduğunu göstərir ki, bu da debatın əhəmiyyətini artırır və hər iki namizədin hələ də, qərarsız olan seçiciləri cəlb etmək üçün əllərindən gələni etmələrini vacib edir.
Baydeninin yarışdan geri çəkilərək, xələfi kimi Harrisi dəstəkləməsindən sonra Demokratlar Harrisin namizədliyi ətrafında birləşdirlər. Bayden seçki kampaniyasını sonlandırdığı zaman rəy sorğularında Trampdan geridə gəlsə də, Harris bir sıra rəy sorğualrında 2 və ya 3 faizlə Trampan önə keçib.
Ancaq New York Times-Siena Kollecinin bazar günü yaydığı rəy sorğusunun nəticələri göstərir ki, Tramp ölkə boyu 48-47 faiz nisbəti ilə Harrisdən öncə gedir. Bununla belə qəzet Harrisin üç mühüm ştat olan Viskonsin, Miçiqan və Pensilvaniyada cüzi fərqlə öndə olduğunu bildirib. Digər dörd mühüm ştatda – Arizona, Corciya, Nevada və Şimali Karolinada iki namizədə dəstək bərabərdir.
Bu yeddi ştatın seçkinin nəticələrinin müəyyən edilməsində böyük rol oynayacağı gözlənilir, çünki ABŞ-da prezident və vitse-prezident xalq səsverməsi ilə seçilmir.
Burada 50 ştatda ayrı-ayrı keçirilən səsvermədə, iki ştat istisna olmaqla bütün ştatlarda ən çox səsi qazanan namizədin elektorları Seçicilər Kollegiyasında bütün səsləri ya Harris və onun vitseprezidentliyə namizədi olan Minnesota qubernatoru Tim Valz, ya da Tramp və onun vitse-prezidentliyə namizədi, Ohayo senatoru JD Vansa verəcək. Hər bir ştatın Seçicilər Kollegiyasındakı səsinin sayı ştatın əhalisinə nisbətən müəyyən olunur. Bu isə o deməkdir ki, ən çox əhalisi olan ştatlar ən çox səsə malikdir.
Times-Siena sorğusunun nəticələri göstərdi ki, debat xüsusilə də özünü Amerika xalqına təqdim edən Harris üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, sorğu iştirakçılarının 28 faizi onunla bağlı daha çox şey bilməyə ehtiyaclarının olduğunu deyib. Müqayisədə iştirakçıların yalnız 9 faizi Tramp barəsində daha çox şey bilməli olduqlarını deyib.
Forum