Accessibility links

ABŞ İsraili humanitar obyektləri qorumağa çağırıb


Birləşmiş Ştatlar qaçqın fələstinlilərin sığındığı məktəb kompleksinə hücumundan bir gün sonra Qəzzada humanitar obyektləri qorumaq üçün İsrailə təzyiqləri davam etdirib. Hücum Birləşmiş Millətlər Təşkilatının altı işçisi də daxil olmaqla, 18 nəfərin ölümünə səbəb olub.

ABŞ dövlət katibi Antoni Blinken Varşavada mətbuat konfransında deyib: “Biz humanitar obyektlərin qorunduğunu görməliyik və bu, İsraillə müzakirə etməyə davam etdiyimiz məsələdir".

Onun sözlərinə görə, hücum “həmçinin İsrailin HƏMAS militantları ilə 12-ci aya keçən müharibəsini dayandırmaq üçün atəşkəsə nail olmağın vacibliyini bir daha vurğulayır”.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres də sözçüsü vasitəsilə eyni fikirləri təkrarlayaraq deyib ki, “Qəzzada mülki şəxslər üçün davamlı olaraq effektiv müdafiənin olmaması vicdansızlıqdır. Mülki əhali və onların güvəndiyi infrastruktur qorunmalı və mülki şəxslərin əsas ehtiyacları ödənilməlidir”.

O, müharibə edən tərəfləri məktəblərdən, sığınacaqlardan və ya onların ətrafındakı ərazilərdən hərbi məqsədlər üçün istifadəni dayandırmağa çağırıb. Onun sözlərinə görə, İsrail və HƏMAS beynəlxalq humanitar qanunlara riayət etmək öhdəliyi daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə axşamı bildirdiyinə görə, Qəzza zolağından Birləşmiş Ərəb Əmirliklərinə təxminən 100 nəfəri təxliyə edib və qayğıya ehtiyacı olan minlərlə insana yardım etmək üçün müntəzəm və davamlı tibbi köçürmə sisteminə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının işğal olunmuş fələstinli ərazi üzrə nümayəndəsi Riçard Peperkorn jurnalistlərə Qəzzanın tibbi dəhlizlərə ehtiyacı olduğunu deyib. "Bizə daha yaxşı təşkil edilmiş və davamlı sistem lazımdır" - deyə, o bildirib.

Peperkorn bildirib ki, Qəzzada tibbi transfer gözləyən 10 min insan var.
Bu arada Türkiyə bildirib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilində türk əsilli amerikalı fəalı öldürməsi ilə bağlı araşdırma aparır.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunc Türkiyənin öz nəticələrini BMT məhkəməsinə təqdim edəcəyini bildirərək, BMT-ni öz araşdırmasını aparmağa çağırıb.

Ayşenur Ezgi Eygi ötən həftə fələstinliləri dəstəkləyən nümayiş zamanı başından güllə ilə vurulub. İsrail ordusunun bildirdiyinə görə, əsgərlər çox güman ki, onu “dolayı yolla və istəmədən” vurublar.

ABŞ prezidenti Co Bayden “tam məsuliyyətin” vacibliyini vurğulayaraq, İsrailin “bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün daha çox iş görməli” olduğunu deyib.

İsrail-HƏMAS müharibəsi militantların oktyabr ayında İsrailin cənubuna gözlənilməz hücüm edərək, 1200 nəfəri öldürüb, təxminən 250 nəfəri girov götürməsindən sonra başlayıb. İsrailin əks-hücumu isə Qəzzada, əksəriyyəti qadın və uşaqlar olmaqla, 41 mindən çox fələstinlinin ölümü ilə nəticələnib.

Forum

XS
SM
MD
LG