Britaniyanın xarici işlər naziri Devid Lammi Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməsinə icazə verilməsinin NATO-nu Moskva ilə “müharibə vəziyyətinə salacağına” dair xəbərdarlığını “boş təhdid” kimi qiymətəndirib.
Rusiya ilə Qərb arasında Ukraynada müharibə ilə bağlı gərginlik bu həftə ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmerin Kyivin Qərb silahlarından istifadəsinə dair qaydaların yumşaldılacağını müzakirə etmək üçün Ağ Evdə görüşdüyü vaxt daha da artıb.
“Məncə, Putin sadəcə olaraq vəziyyəti gərginləşdirir”, Lammi BBC kanalına bildirib.
“Çox boş təhdid var. Bu, onun iş tərzidir. O, tanklarla hədələyir, raketlərlə hədələyir, nüvə silahı ilə hədələyir”, o deyib.
Ukrayna prezidenti Volodimir Zelenski aylardır Rusiya daxilində hədəfləri vurmaq üçün Britaniyanın Storm Shadow raketlərindən və ABŞ istehsalı olan ATACMS raketlərindən istifadə etmək üçün icazə istəyir.
Bayden və Starmer cümə günü görüş zamanı məsələ ilə bağlı qərarın verilməsini təxirə salıblar.
Bu, Putinin bu silahlardan istifadəyə icazə verilməsinin “NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacağı” ilə bağlı xəbərdarlığından sonra baş verib.
“Əgər bu, belədirsə, o zaman münaqişənin dəyişən xarakterini nəzərə alaraq, üzləşdiyimiz təhdidlər əsasında müvafiq qərarlar qəbul edəcəyik” - deyə, o əlavə edib.
Rusiya lideri uzun müddətdir ki, Qərb ölkələrinə Ukraynaya dəstək verdikləri üçün nüvə müharibəsinə təhrik etmək riski ilə üzləşə biləcəkləri ilə bağlı xəbərdarlıq edib.
“Bizi özbaşına olaraq başqa ölkələrə təcavüz etmək istəyən imperialist faşist yoldan çıxara bilməz”, Lammi bildirib.
“Əgər biz ona Ukraynada bunu etməyə icazə versək, inanın ki, o bununla dayanmayacaq”.
Lammi bildirib ki, Starmer, Bayden və Zelenski arasında raketlərin istifadə ilə bağlı danışıqlar bu ayın sonunda Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında davam etdiriləcək.
Forum