Tehranın Evin həbsxanasında bir qrup qadın məhbus 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra başlayan ümummilli etirazların ikinci ildönümünü qeyd etmək məqsədilə bazar günü aclıq aksiyasına başlayıb.
Həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi ilə əlaqəli bir İnstaqram hesabında 34 qadın məhbusun “Qadın, Həyat, Azadlıq” hərəkatının və Məhsa [Cina] Əminin qətlinin ildönümündə aksiyaya başladığı bildirilib.
Əmini 2022-ci il sentyabrın 16-da İranın əxlaq polisi tərəfindən qadınların hicab taxmasını tələb edən qanunu pozduğu iddiası ilə saxlanıldıqdan bir neçə gün sonra vəfat edib.
Onun ölümü küçələrdə, universitetlər və məktəblərdə aylarla davam edən nümayişlərin başlaması ilə bütün İranda geniş etirazların keçirilməsinə səbəb oldu.
Hökumətin 2022-ci ildə ümummilli etirazları dağıtması zamanı yüzlərlə vətəndaş həlak olub, minlərlə insan yaralanıb və ya həbs edilib.
Kürdüstan İnsan Haqları Şəbəkəsinin bazar günü verdiyi məlumata görə, Kəşfiyyat Nazirliyinin rəsmiləri Əmininin valideynlərinin Saqqezdəki evini mühasirəyə alıb, təhdid edib və ailəyə evlərini tərk etməyi və ya qızlarının məzarını ziyarət etməyi qadağan ediblər.
Xəbərlərə əsasən, İranın Sənəndəc, Saqqez, Divandarrə, Mahabad və Bukan şəhərləri də daxil olmaqla, qərb və şimal-qərb bölgələrinin şəhərlərində ticarətçilər və mağaza sahibləri Əmininin ölümünün ikinci ildönümündə tətil keçirirlər.
Əmininin anası Mojgan Eftexari qızının ölümünün ildönümündə İnstaqram səhifəsində məsuliyyət daşıyanlara müraciət edərək, “onlar tarixdə əbədi olaraq rüsvay olacaqlar” deyib.
Eftexari iki il əvvəl baş verənləri dəyərləndirərək vurğulayıb ki, Məhsa Əmini paytaxta səfəri zamanı “millətin qızının gözəlliyinə dözə bilməyən o qara ürəkli insanlar” tərəfindən qaçırılıb.
Əmininin ailəsi onun həbs olunduqdan sonra polis mikroavtobusunda döyüldüyünü iddia edib. Polis iddiaları rədd edərək, Əmininin infarkt səbəbi ilə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdiyini bildirib. Ailəsi bu iddianı mübahisələndirir.
Forum