Accessibility links

Nazirlər Komitəsi Bakını əsassız təqiblərin qarşısını almaq üçün tədbirlər görməyə çağırır


Arxiv fotosu: Avropa Şurasının Nazirlər Komitəsinin iclası
Arxiv fotosu: Avropa Şurasının Nazirlər Komitəsinin iclası

Avropa Şurası Nazirlər Komitəsi yenidən Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tam şəkildə icra etməyə, fəallara, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı əsassız təqiblərin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Nazirlər Komitəsi 17-19 sentyabr tarixlərində keçirdiyi rüblük iclasında Azərbaycanla bağlı Məmmədli qrupu, Mahmudov və Ağazadə qrupu işləri, habelə “Sarqsyan Azərbaycana qarşı” işi ilə bağlı qərarların icra durumunu müzakirə edib.

Məmmədli qrupunda olan ərizəçilərin hər birinə münasibətdə Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 5-ci maddəsi ilə birlikdə qəbul edilmiş 18-ci maddənin pozuntusunu tanıyıb.

Bu qrupda vətəndaş cəmiyyəti nümayəndələri Anar Məmmədli, İntiqam Əliyev, Arif və Leyla Yunusların, jurnalist Xədicə İsmayılovanın, fəallar Qiyas İbrahimov və mərhum Bayram Məmmədovun işləri yer alır.

Məhkəmə hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin cəzalandırma məqsədi ilə məhkəmə təqiblərinə məruz qaldığını, qanunun aliliyinə zidd olaraq cinayət qanunlarından sui-istifadə yolu ilə əsassız həbslərin narahatlıq doğuran tendensiyasını aşkar edib.

Komitə qərarında bu qrupda yer alan ərizəçilərin hələ də bəraət almamasından dərin təəssüfünü ifadə edib, hakimiyyət orqanlarını onların məhkumluğunun dərhal ləğv edilməsi, mülki və siyasi hüquqlarının tam bərpası üçün səyləri təcili olaraq artırmağa çağırıb.

Qərarda vurğulanır ki, ərizəçilərin məhkumluqlarının ləğvi ölkədə qisas və sui-istifadə xarakterli həbslərə və təqiblərə qarşı möhkəm və ardıcıl məhkəmə təcrübəsini yaratmaq rolunu oynamalıdır.

Məmmədli qrupu işlərini monitorinq edən beynəlxalq insan hüquqları təşkilatlarının koalisiyası avqustun 8-də Nazirlər Komitəsinə təqdim etdiyi məlumatda Azərbaycan hökumətinin AİHM-in tələb etdiyi tədbirləri hələ də icra etmədiyini, Anar Məmmədlinin bu ilin aprelində yenidən həbs edilməsinin Azərbaycanın Məhkəmənin qərarlarının icrasından nə dərəcədə uzaq olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

Koalisiya ötən ilin noyabrından bəri vətəndaş cəmiyyəti, jurnalistlərə və siyasətçilərə qarşı yeni repressiya dalğasında cinayət qanunvericiliyindən sui-istifadə halları davam etdiyini, Azərbaycanda məhkəmə sisteminin institusional müstəqillikdən və əsaslı islahatlardan məhrum olmaqla icraedici orqanların ciddi təsiri altında qalmaqda davam etdiyini qeyd edib.

Rəsmi Bakı isə fəalların və jurnalistlərinin həbsinin siyasi motivli olmasına dair təndiqləri qəbul etmir.

Mahmudov və Ağazadə qrupu işlərinə gəldikdə, bu işlər Azərbaycanda Cinayət Məcələsinin defamasiya və digər müddəlarından istifadə etməklə jurnalistlərin təqib edilməsi, onların ifadə azadlığının pozulmasını əks etdirən AİHM qərarlarından ibarətdir.

Nazirlər Komitəsi hökumətin milli məhkəmələrin defamasiyaya görə azadlıqdan məhrum etmə cəzalarının verilməsindən çəkindiyinə dair məlumatını “maraqla diqqətə aldığını” qeyd edib, buna baxmayaraq hələ də bəzi hallarda cinayət cəzası kimi həbsə müraciətin müşahidə oluna biləcəyini narahatlıqla vurğulayıb.

Komitə qərarında çoxsaylı çağırışlara baxmayaraq Azərbaycan hakimiyyətinin yerli qanunvericiliyi Konvensiyanın 10-cu maddəsinin tələblərinə uyğunlaşdırmaq istiqamətində “davam edən uğursuzluğu”, xüsusən də Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş uzunmüddətli həbs cəzaları ehtimalını aradan qaldırmaması ilə bağlı təəssüfünü ifadə edib.

Hökumət yenidən cinayət müddəalarının özbaşına tətbiq edilməməsi, mətbuatın ictimai nəzarətçi rolunu sərbəst şəkildə yerinə yetirə bilməsini təmin etmək üçün məhkəmə təcrübəsini təkmilləşdirmək istiqamətində səylərini ikiqat artırmağa çağırılıb.

Qərarda Nazirlər Komitəsinin bu qrup işinə gələn ilin sentyabrında yenidən baxacağı, hökumət o zamanadək ciddi və nəzərəçarpacaq addımlar atmazsa, aralıq qətnamənin qəbul ediləcəyi qeyd edilir.

Nazirlər Komitəsinin iclasında həmçinin “Sarqsyan Azərbaycana qarşı” işinə baxılıb. Bu iş Birinci Qarabağ Müharibəsi dövründə erməni əsilli qaçqının mülkiyyət hüquqlarına aiddir.

2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi qərara alıb ki, Azərbaycan ərizəçinin varislərinə kompensasiya ödəməlidir. Lakin bu qərar icra olunmayıb.

Paralel olaraq Komitə “Çıraqov və başqaları Ermənistana qarşı” işinin icra durumunu müzakirə edib. Laçın rayonundan keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulmasına aid olan bu işlə bağlı qərar da hələ icra olunmayıb.

Forum

XS
SM
MD
LG