Accessibility links

CIVICUS beynəlxalq təşkilatı Azərbaycanı insan haqları üzrə izləmə siyahısına salıb


Arxiv fotosu: Azərbaycan polisi Gədəbəyin Söyüdlü kəndində 2023-cü ilin iyununda baş verən etirazları yatırmağa cəlb edilib
Arxiv fotosu: Azərbaycan polisi Gədəbəyin Söyüdlü kəndində 2023-cü ilin iyununda baş verən etirazları yatırmağa cəlb edilib

Dünyada vətəndaş azadlıqlarını monitorinq edən CIVICUS beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanı insan haqları üzrə izləmə siyahısına aldığını açıqlayıb.

Təşkilat Azərbaycan hakimiyyətinin noyabrda keçiriləcək BMT iqlim dəyişikliyi konfransı (COP29) ərəfəsində müxalif fikirlərə qarşı növbəti repressiyalara start verdiyini, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsini vurğulayıb.

“Dağlıq Qarabağda Ermənistana və iki seçkidə müxalifətə qarşı qələbəsini elan etdikdən sonra Azərbaycan rejimi indi ölkədə qalan bir neçə müstəqil səsə, sülh fəallarına, hüquq müdafiəçilərinə və jurnalistlərə müharibə elan etməklə yeni cəbhə açıb”, CIVICUS-un Avropa və Mərkəzi Asiya üzrə tədqiqatçısı Tara Petroviç bildirib.

CIVICUS monitorinqlərə başladığı 2018-ci ildən bəri Azərbaycanda vətəndaş məkanının vəziyyətini mümkün ən pis reytinqlə - “qapalı” qiymətləndirib. Azərbaycanda ekoloji etirazlar da daxil olmaqla, etiraz mitinqlərinin müntəzəm olaraq yatırıldığını qeyd edən təşkilat tənqidi vətəndaş cəmiyyətinin və müstəqil medianın sıradan çıxarıldığını bildirir.

Bəyanatda Azərbaycanda insan hüquqları təşkilatlarının hesablamalarına görə, Azərbaycanda 300-dən artıq siyasi məhbus olduğu, 2024-cü ilin aprelində tanınmış hüquq müdafiəçisi Anar Məmmədlinin, avqust ayında isə tədqiqatçı Bəhruz Səmədovun saxlanıldığı qeyd edilir.


Azərbaycan hakimiyyətini ifadə, dinc toplaşma və birləşmə azadlıqlarına hörmət etməyə və qorumağa çağıran CIVICUS eyni zamanda, beynəxalq ictimaiyyətin Azərbaycanda kobud insan hüquqları pozuntularına göz yummamalı olduğunu vurğulayıb.

“Dünya COP29 üçün Bakıda toplaşmağa hazırlaşarkən, beynəlxalq ictimaiyyətin ev sahibi ölkədə baş verən kobud insan hüquqları pozuntularına göz yummaması çox vacibdir. Biz COP29-da iştirak edəcək dünya liderlərini Azərbaycan hökumətini öz hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə və vətəndaş cəmiyyətinin fundamental azadlıqlar uğrunda mübarizəsini dəstəkləməyə çağırırıq”, Tara Petroviç əlavə edib.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda jurnalist və fəallara qarşı artan təqiblər və həbslərlə bağlı çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər çağırışları qərəzli hesab edir, bütün hüquq və azadlıqların qorunduğunu iddia edir.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edir.

Forum

XS
SM
MD
LG