Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2025-ci il yanvarın 1-dək uzadılıb. Bu barədə Azərbaycanın Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.
Ümumilikdə Azərbaycanda xüsusi karantin rejimi COVID-19 pandemiyasının başlandığı zamandan, 2020-ci ilin martından tətbiq edilir.
Prezident İlham Əliyev bu il sentyabrın 23-də yeni seçilmiş VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında xüsusi karantin rejiminin uzadılması səbəbindən quru sərhədlərinin bağlanmasının təhlükəsizlik riskləri ilə bağlı olduğuna işarə edib.
“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”, ölkə prezidenti qeyd edib.
Bununla yanaşı quru sərhədlərinin bağlı olması müxalifət və bir sıra müstəqil təhlilçilər tərəfindən tənqid edilir.
Siyasi şərhçi Elman Fəttah bir qədər əvvəl hökumətin quru sərhədləri milli təhlükəsizlik səbəbi ilə bağlı saxlamasını manipulyasiya hesab edib.
"Sərhədlərin mühafizəsi bütün ölkələrin icra etdiyi bir məsələdir. Heç bir təhlükə sərhəd keçid məntəqəsində pasportunu təqdim edib Azərbaycan ərazisinə keçmir. Mən inanmıram ki, indiyədək dünya siyasəti tarixində hansısa ölkə sərhəd keçid məntəqəsi ilə milli təhlükəsizlik məsələsini tələffüz etmiş olsun, yaxud tətbiq etmiş olsun. Bu baxımdan düşünürəm ki, bu, İlham Əliyevin şəxsi qərarıdır. Bunun nə ilə əlaqəli olduğunu əsaslandırmaq çətindir, çünki bu məsələnin hər hansı milli maraqla, milli təhlükəsizliklə yaxından-uzaqdan əlaqəsi yoxdur", o, qeyd edib.
Dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilər.
Quru sərhədlərin açılması tələbi ilə ictimai fəallar Bakıda etiraz aksiyası da keçirib. Ancaq hökumət hələ də ölkənin quru sərhədlərinin insanların keçidi üçün açmamaqda israrlıdır.
Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-da COVID-19 virusunun artıq qlobal ictimai səhiyyəyə təhlükə təşkil etmədiyini elan edib.
Forum