Ukrayna Prezidenti Volodimir Zelenskinin çərşənbə günü BMT Baş Assambleyasında çıxış edəcəyi gözlənilir. O, həm Rusiyaya qarşı mübarizəsində Ukraynaya dəstəyə, həm də Rusiyaya müharibəyə son qoyması üçün beynəlxalq təzyiqə çağırır.
Zelenskinin Nyu Yorkda hər il keçirilən tədbirdə çıxışı onun BMT-nin Təhlükəsizlik Şurasına Rusiya Prezidenti Vladimir Putinin zorakılıqlara öz xoşu ilə son qoymayacağını və “sülhə yalnız məcbur edilə” biləcəyini deməsindən bir gün sonraya təsadüf edir.
Eyni görüşdə ABŞ Dövlət katibi Antoni Blinken ölkələri Ukraynanı dəstəkləməyə çağıraraq, onun yaşamaq üçün mübarizə apardığını bildirib.
“Ölkələr Rusiyaya dəstək verməyi dayandırsa, Putinin hərbi müdaxiləsi yaxında sonlanacaq,” o deyib. “Ölkələr Ukraynaya dəstək verməyi dayandırsa, yaxında Ukraynanın sonu gəcələk.”
Rusiyanın nümayəndəsi Blinkenin Ukrayna ilə bağlı narahatlıqlarını rədd edib.
“Ona qarşı heç bir təhlükə yoxdur, Biz ona qarşı döyüşmürük,” səfir Vasili Nebenzya Ukrayna ilə bağlı deyib. “Biz Kyivdə hakimiyyəti ələ keçirən və xalqını fəlakətə sürükləyən cinayətkar rejimə qarşı döyüşürük. Və düşmənlərimizin iddialarından asılı olmayaraq, bu, torpaq uğrunda müharibə deyil. Bu, insanların hüquqlarının tanınması uğrunda mübarizədir.”
Baş Assambleyada çərşənbə günü həmçinin başqa dünya liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makron, Qana prezidenti Nanan Akufo-Addo, İspaniya Baş naziri Pedro Sançez, Seneqal Prezidenti Bassiru Diomaye Faye, Ekvador Prezidenti Daniel Noboa və Marşal Adaları Prezidenti Hilda Heine çıxış edəcək.
Forum