Accessibility links

Azərbaycanda və Ermənistanda müharibənin ildönümü anılır


Sentyabrın 27-də Azərbaycanda və Ermənistanda İkinci Qarabağ müharibəsinin başlamasının ildönümü qeyd olunub. Ölkələrin paytaxtlarında düzənlənən mərasimlərdə münaqişədə həlak olanların xatirələri anılıb.

Azərbaycanda "Anım Günü" kimi qeyd olunan gündə Prezident İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub. 2020-ci ilin dekabrında başlanmış layihəyə əsasən kompleksdə müharibədə həlak olan Azərbaycan hərbçilərinin xatirəsi şərəfləndiriləcək.

Ölkə boyu dövlət rəsmiləri, parlamentin deputatları, ictimai-siyasi qurumlar, ictimaiyyətin yüz minlərlərlə nümayəndələri ölkə boyu bütün yaşayış məntəqələrində müharibədə həlak olan insanların məzarlarını ziyarət edib, məscidlərdə, kilsələrdə, sinaqoqlarda onların ruhlarına dualar oxunub.

Ermənistanda Prezident Vahan Xaçaturyan, parlament spikeri Alen Simonyan və digər yüksək rütbəli rəsmilər Yerevandakı Yerablur hərbi məzarlığına çəkərək müharibədə həlak olanların xatirəsini yad ediblər.

Ermənistan Baş Naziri Nikol Paşinyan hazırda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu Yorkdadır.

ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirləri də xidmət etdikləri ölkələrdə hərbi məzarlıqlara baş çəkərək müharibədə həlak olanların xatirələrini yad ediblər.

Sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

"Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər," hər iki ölkənin xarici işlər nazirliklərinin yaydığı bəyanatda bildirilib.

Forum

XS
SM
MD
LG