Accessibility links

İsrail-HƏMAS münaqişəsi - media işçiləri üçün ölümcül il


İsrail-HƏMAS münaqişəsi -  media işçiləri üçün ölümcül il
please wait

No media source currently available

0:00 0:02:58 0:00

İsrail-HƏMAS münaqişəsi -  media işçiləri üçün ölümcül il

HƏMAS-ın keçən ilin oktyabrında İsrailə qarşı törətdiyi terror hücumu yaxın tarixdə jurnalistlər və media işçiləri üçün ən ölümcül münaqişələrdən birinin başlamasına səbəb oldu. Münaqişə başlayandan azı 116 jurnalist həyatını itirib. Onların demək olar hamısı fələstinlilərdir. Amerikanın Səsi münaqişəni işıqlandıran müxbirlər və media üzrə təhlilçilərlə münaqişə yerlərində jurnalistlərin müstəqil şəkildə fəaliyyət göstərməsinin nə üçün vacib olduğu barədə danışıb.

HƏMAS-ın oktyabrın 7-də hücumu İsraildə 1200 nəfərin həyatına son qoydu. Terrorçular 251 nəfəri girov götürdü. Hücum bu günə qədər davam edən müharibənin başlamasına səbəb oldu.

Jurnalistləri Müdafiə Komitəsinin rəhbəri Codi Ginsberg: “Müharibənin ilk 10 həftəsində bir ölkədə bir il ərzində öldürülən jurnalistlərin sayından daha çox jurnalist öldürülüb”.

Jurnalistləri Müdafiə Komitəsinə əsasən, oktyabrın 1-nə olan məlumata görə, 111 fələstinli, iki israilli və üç livanlı jurnalist həyatını itirib.

Bundan əlavə, 35 nəfərin yaralandığı, ikisinin itkin düşdüyü və 54 nəfərin həbs edildiyi bildirilir.

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski: “Jurnalistlərin məlumatlara çıxış baxımından da böyük çətinlikləri var. Bu, mənim təcrübəmə görə, jurnalist kimi uzun karyeram ərzində qarşılaşdığımız ən qütbləşdirici hekayədir”.

Tariq Haccac Fələstin əraziləri, İsrail və ABŞ siyasətini işıqlandıran onlayn Mondoweiss vebsaytının Qəzza müxbiridir. Onun bütün həyatı Qəzza şəhərində keçib.

Mondoweiss saytının Qəzza müxbiri Tariq Haccac: “Hər dəfə İsrail dronları və döyüş təyyarələrinin altından keçəndə onların hər saniyə məni bombalaya biləcəkləri, ətrafımda dövrə vuracaqlarını hiss edirdim, çünki mən bilirəm ki, onlar jurnalistləri hədəf alır və Qəzzadan heç bir məlumatın insanlara çatmasını istəmir”.

Proqressiv xəbər saytı kimi yaradılan Mondoweiss bəzilərinin İsrail əleyhinə hesab etdiyi fikirlərə görə tənqid olunur.

İsrail hökuməti jurnalistlərin hədəf alındığını dəfələrlə təkzib edib. Lakin Jurnalistləri Müdafiə Komitəsi və başqaları deyirlər ki, media nümayəndələri arasında çox sayda ölüm sayına görə İsrail Müdafiə Qüvvələri cavabdeh olmalıdır.

Ölənlərin demək olar hamısı fələstinlidir.

Jurnalistləri Müdafiə Komitəsinin rəhbəri Codi Ginsberg: “Onlar həm də Qəzzadan xəbərlər verən yeganə insanlardır, çünki heç bir xarici jurnalistin oraya getməsinə icazə verilməyib. Buna görə də onlar müharibənin Qəzzaya təsirlərini işıqlandıraraq, bunun bütün ağırlığını daşıyır”.

Yaralanmaq və ölmək jurnalistlər üçün yeganə risklər deyil.

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski: “Bəzi təhlükələr təkcə fiziki təhlükələr deyil, bunlar həmçinin kiber təqib və jurnalistlərə qarşı təzyiq və təhdidlərdir”.

BMT jurnalistlərə qarşı hücumları pisləyərək, onların aydın şəkildə müəyyən edilməsinə baxmayaraq, media işçilərinə qarşı hücumlarla bağlı “narahatedici xəbərlərin” olduğunu bildirib.

BMT-nin hesabatına cavab olaraq, İsrail Müdafiə Qüvvələri “jurnalistlər də daxil olmaqla, mülki şəxslərə qəsdən atəş açmadığını” bildirib.

Həccac oktyabrın 7-dən bəri işıqlandırdığı hər xəbəri xatırlayır.

Onun dediyinə görə, bəzilərini yazmaq dəhşətli idi. Amma o bilir ki, baş verənlər barədə məlumat vermək onun işidir.

Forum

XS
SM
MD
LG