Accessibility links

İsrail Livanın daha çox ərazisini əhatə edən təxliyə əmri verir

İsrail hərbçiləri şənbə günü Livanın cənubunda, Bekaa vadisinin qərbindən Aralıq dənizinə axan Avali çayının şimal ərazilərində yerləşən 23 kəndin sakinlərinin təxliyəsi ilə bağlı əmr verib.

Hərbi bəyanatla göndərilən əmrdə Livanın cənubunda İsrailin son hücumlarının hədəfinə çevrilmiş və bir çoxu artıq demək olar ki, boş olan kəndlərdən bəhs edilir.

İsrail ordusu Hizbullahın fəaliyyətinin artması səbəbindən sakinlərin təhlükəsizliyi üçün təxliyənin zəruri olduğunu bəyan edərək, qrupun silahları gizlətmək və İsrailə hücumlar təşkil etmək üçün bu ərazilərdən istifadə etdiyini iddia edib. Hizbullah mülki insanlar arasında silahlarını gizlətdiyini inkar edir.

Bir il əvvəl İranın dəstəklədiyi və ABŞ-ın terror qrupu kimi tanıdğı Hizbullah Qəzza müharibəsinin başlanğıcında HƏMAS-a dəstək üçün İsrailin şimalına raketlər atmağa başlayanda iki tərəf arasında münaqişə qızışmışdı. Son ay isə İsraillə Hizbullah arasında olan bu münaqişə daha da kəskinləşib.

Livan hökumətinin məlumatına görə, İsrailin Livanın cənubunda, Bekaa vadisində və Beyrutun cənub ətraflarında intensivləşən hücumları sentyabrın 23-dən bəri 1,2 milyon insanı evlərini tərk etməyə məcbur edib.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası İdarəsi şənbə günü bildirib ki, 2006-cı ildə İsrail və Hizbullah arasında baş vermiş son böyük müharibə zamanı, təxminən 1 milyon insanın evlərini tərk etdiyi vaxtdan daha çox livanlı indi didərgin düşüb.

Forum

XS
SM
MD
LG