Tokio polisinin məlumatına görə, Tokioda şənbə günü bir kişi Yaponiyanın hakim partiyasının qərargahına bir neçə yanğın bombası atıb, daha sonra maşınını baş nazirin iqamətgahının hasarına çırpıb. Xəsarət alanın olmadığı bildirilir.
Polisin 49 yaşlı Atsunobu Usuda olduğu müəyyən etdiyi şübhəli şəxs rəsmi vəzifələrin icrasına maneçilik törətmək ittihamları ilə hadisə yerində həbs edilib. Ona qarşı əlavə ittihamlar irəli sürülə bilər.
Hücumun motivi dərhal bilinməsə də, Yaponiya mediası bildirib ki, Usudaya məxsus olduğu güman edilən sosial media postlarında onun Yaponiya qanunları altında rəsmi vəzifə uğrunda seçkilərdə iştirak etmək üçün tələb olunan pul məbləğləri ilə bağlı şikayət etdiyi göstərilib ki, bu da Usudanın siyasi ambisiyalarının olduğuna işarə edir.
Mətbuatda yer alan xəbərlərdə həmçinin naməlum mənbələrə istinadən deyilir ki, Usuda nüvə stansiyalarına qarşı etirazlarda iştirak edib. Usudadan dərhal şərh almaq mümkün olmayıb.
Hakim Liberal Demokratlar Partiyası şübhəli maliyyələşdirmə və ehtimal olunan vergidən yayınma ilə əlaqədar pul qalmaqalı səbəbindən ictimaiyyət arasında populyarlığı azalır. Partiya şənbə günü baş verən hücumla bağlı şərh verməkdən imtina edərək, bütün sorğuları polisə yönləndirib.
Parlamentin aşağı palatasına səsvermə oktyabrın 27-nə təyin olunub. Reputasiyaları ləkələnən bəzi siyasətçilər hakim partiyanın rəsmi dəstəyini itirsə də, müstəqil şəkildə namizədliklərini irəli sürüblər.
Partiya yeni imic təqdim etmək ümidi ilə bu yaxınlarda yeni lider, Baş nazir Şigeru İşibanı seçib. Ancaq rəy sorğuları partiyanın populyarlığının azaldığını göstərir. Ancaq müxalifətin parçalandığını nəzərə aldıqda, onların qarşıdan gələn seçkilərdə aşağı palatada çoxluq əldə edib-etməyəcəyi hələ də bəlli deyil.
Liberal Demokratlar son onillərdə demək olar ki, davamlı olaraq Yaponiyanı idarə ediblər. Onlar İkinci Dünya Müharibəsinin səbəb olduğu viranəlikdən sonra Yaponiyanı iqtisadi güc mərkəzinə çevirməklə tanınırlar.
Forum