Accessibility links

Həbsdə olan jurnalist Ülvi Həsənli həbsxanalardakı qeyri-insani rəftarlardan yazır


AbzasMedia saytının rəhbəri Ülvi Həsənli
AbzasMedia saytının rəhbəri Ülvi Həsənli

“Abzas Media” internet nəşrinin həbsdə olan baş direktoru Ülvi Həsənli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında və Penitensiar Xidmətdə çoxsaylı qanun pozuntularının, qeyri-insani rəftarın olduğunu iddia edən məqalə ilə çıxış edib.

Ülvi Həsənlinin fikrincə, Penitensiar Xidmət “boğaza qədər problemlərin içindədir”. Onun firkincə, xidmətin rəisi və və 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi “məşğul olmalı olduqları məsələləri kənara atıb jurnalistlərə, siyasi məhbuslara yeni formalarda necə təzyiq göstərəcəkləri, onları necə susduracaları üçün baş sındırırlar”.

Həsənli həbsdə olan bir çox jurnalistlərə ailələri ilə görüşlərə icazə verilmədiyini, onların telefon danışıqlarına qadağalar tətbiq edildiyini, özünə azyaşlı qızı ilə canlı görüşə imkan verilmədiyini, yazılarına və görüşlərinə nəzarət edildiyini bildirir.

Jurnalist Penitensiar Xidmətdə “başlıca problem olan sistemli işgəncələrdən” yazarkən bildirir ki, Penitensiar Xidmətin demək olar, elə müəssisəsi, həbsxanası yoxdur ki, məhbuslar oradakı “işgəncələrdən fəryad” etməsinlər.

“Bundan əvvəlki yazımda danışdığımız işgəncələr saxlanıldığım 8-ci korpusun 1-ci mərtəbəsində (1 saylı Bakı İstintaq Təcridxanası-red) dayandırılıb, amma bu proses yanımızdakı 7-ci korpusun 1-ci mərtəbəsində əvvəlki templə davam edir. Bu müddət ərzində dəfələrlə oradakı işgəncələrin səsini, məhbusların qışqırıqlarını eşitmişik. Bundan əlavə, qadın korpusunda da işgəncələr davam edir”, o qeyd edib.

Kürdəxanı, türmə, həbsxana
Kürdəxanı, türmə, həbsxana

Jurnalist iddia edir ki, məhbuslar haqlarını tələb etdikdə onların problemlərini həll etmək əvəzinə, hətta qadın məhbusları döyür, hədələyir, “karserə” (Cərimə təcridxanası-red) salırlar.

“Bu barədə saatlarla danışmaq olar. Yəni, vəziyyət o qədər acınacaqlıdır”, o qeyd edib.

Ülvi Həsənli hesab edir ki, Penitensiar Xidmətdə ikinci vacib problem korrupsiya və rüşvətdir.

Həbsxananın ağzına qədər dolu olmasının səbəbi çox sayda şərlənən məhbusun olmasıdır.

“Bu sistemdə rüşvət və korrupsiyanın bir çox forması var. Bunlardan biri həbsxanaya gələr-gəlməz məhbuslardan pul alınmasıdır. Dustağın üstü yoxlanan zaman onun nə qədər pulu olduğu bilinir və əhəmiyyətli hissəsi ondan məcburi şəkildə alınır. Sonra məhbus karantinə göndərilir. Qalan pul da orada “üstündə pul gəzdirmək olmaz” bəhanəsilə ələ keçirilir. Növbəti korrupsiya mənbəyi müəssisələrdəki karantinlərdir. Dustaqlar karantində günlərlə, həftələrlə qanunsuz olaraq saxlanılır. Oradakı şərait isə çətin, ağır və bərbaddır. Məhbusları anti-sanitariya və ağır şəraitdə saxlayırlar ki, onlar karantindən ya pul verib, ya da “yuxarıdan” kimlərəsə zəng etdirib çıxsınlar”.

Onun yazdığına görə, Bakı İstintaq Təcridxanasınin karantin hissəsi çox pis vəziyyədədir.

“Sağlam insan orada xəstəlik tapar. Natəmizlik, şəraitsizlik, havasızlıq. Məhbuslar gecə yata bilmirlər ki, böcəklər ağızlarına, qulaqlarına girir. Heç bir şişirtmə etmədən yazıram, geri qalanını siz təsəvvür edin”.

Jurnalist hesab edir ki, Penitensiar Xidmətdə korrupsiyaya yol açan əsas səbəb “xüsusilə orta və aşağı vəzifəli əməkdaşların 500-600 manat maaş almasıdır”.

“Üstəlik onlar həftədə 50-60 saat işləyirlər. Aşağı maaşla istismar edilirlər. Bununla ailə saxlayan insanlar var. Bu da avtomatik korrupsiyaya, məhbusun əlinə baxmağa səbəb olur. Penitensiar Xidmətin rəhbərliyi bu məsələ ilə məşğul olmaqdan, Sevinc Vaqifqızının, Elnarə Qasımovanın, Nərgiz Absalamovanın, Ülvinin (“Abzas Median”ın həbsdə olan jurnalistləri-red) ailə üzvləri ilə görüşlərini məhdudlaşdırmaqla məşğuldur”, o qeyd edir.

Türmə, həbsxana
Türmə, həbsxana

Ülvi Həsənli üçüncü problem kimi həbsxanada saxlanma şəraitinin pis olmasını göstərir.

“2500 nəfər üçün nəzərdə tutulan Bakı İstintaq Təcridxanasında təxminən 4 min məhbus saxlanılır. Məhbusların çox olması heç bir bəhanəyə əsas vermir. Bunun günahkarı məhbuslar deyil. Həbsxananın ağzına qədər dolu olmasının səbəbi çox sayda şərlənən məhbusun olmasıdır”.

O yazır ki, illik 140 milyon manat dövlət büdcəsindən pul ayrılan Penitensiar Xidmət saxlanma şəraitini təmin etməldiir.

“Bakı İstintaq Təcridxanasında havalandırma, isitmə-soyutma sistemlərinin, soyuducuların, su təchizatının vəziyyəti pisdir. Su gündə iki dəfə bir saat verilir. İsti su isə həftədə yalnız bir dəfə 2-3 saat verilir. Soyuducuların sayı az olduğuna görə, yayda məhbuslar çox əziyyət çəkirlər. Əlbəttə ki, kondisioneri olan “elit” məhbuslar istisnadır”.

Jurnalist bildirir ki, təcridxanada yayda istidən gecələr yatmaq, gündüzlər nəfəs almaq mümkün olmur.

“Hər gün onlarla məhbus ürək tutması ilə tibb məntəqəsinə aparılır. Hətta istidən huşunu itirən nəzarətçi var idi. Amma bu problem kondisionerli, komfort şəraitdə kabinetlərində oturan vəzifəliləri bir qram da narahat etmir. Mənə ailəm ventilyator gətirmişdi, ancaq onu içəri buraxmadılar. Rəis dedi ki, sənin üçün çöldən ventilyator buraxmayacağıq, istəyirsən “laryokdan” (həbsxananın kiçik marketi) al. Məcbur qalıb “laryokdan” 40 manata ventilyator aldım”.

Jurnalist tənqidi yazılarına görə, təhdidlərə məruz qaldığını da yazıb. O əvvəlcədən tənqidlərini dayandımaqla bağlı xəbərdarlıq edildiyini və bu baş verməzsə təzyiqlərə məruz qalacağı barədə hədələndiyini bildirir.

“Mənə qarşı təzyiqlərə öyrədilmiş dustaq tərəfindən kəsici-deşici alətlə hədələnmək, yayda dəhşətli istilərlə üz-üzə qoyulmaq, kameranın nəfəsliyinin bağlı saxlanılması (əksər kameralarda açıq idi), övladımla görüşə məhdudiyyətlərin qoyulması daxildir. Bunlar icra olunan təhdidlərdir”.

Həbsxana
Həbsxana

Məqalədə daha bir problem kimi təcridxanaya yeni gətirilən bəzi məhbusların lüt şəkillərini çəkdirib telefonda saxlandığı göstərilir.

“Xüsusilə transgenderlərin. Bu, hansı fantaziyanın, hüququn, əxlaqın məhsuludur? Həmin çılpaq şəkillərdən dustaqlara qarşı şantaj vasitəsi kimi istifadə edilir. Kim bilir, başqa necə yararlanırlar onlardan”, o qeyd edir.

Öz növbəsində məqalədə əks olunanlarla bağlı Amerikanın Səsinin sorğusuna cavabda Penitensiar Xidmət bildirib ki, Ülvi Həsənlinin məqaləsi həqiqəti əks etdirmir.

“Məqalədə irəli sürülən iddiaların əsası yoxdur”, Penitensiar Xidmətin cavabında deyilir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG