Accessibility links

Milli Məclis 2025-ci ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib - ekspert baxışı


Milli Məclis
Milli Məclis

Noyabrın 26-da Milli Məclis “Azərbaycan Respublikasının 2025-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952 min manat, yerli gəlirləri 795 milyon 48 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyon 265 min manat, yerli xərcləri 800 milyon 335 min manat) məbləğində nəzərdə tutulub.

2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat proqnozlaşdırılır.

Rəşad Həsənov
Rəşad Həsənov

İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə deyib ki, 2025-ci ilin dövlət büdcəsində risk iştahı ötən ilin dövlət büdcəsi ilə müqayisədə artıb.

“Belə ki, neftin qiyməti daha yüksək nəzərdə tutulub. Ümumi məbləğ baxımından xərclər və gəlirlər hissəsində ciddi dəyişikliklər yoxdur. Amma bununla belə, büdcənin strukturunda sosial təyinatlı xərclərin həcmi ötən illə müqayisədə artıb. Eyni zamanda neft sektorundan daxil olmaların ümumi həcmi azaldılıb. O baxımdan büdcə gəlilərinə fiskal daxilolmalarda (dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək-red.) neft sektorundan daxil olmalar 50 fazidən aşağı düşüb. Bu əslində vacib məslələrdən biridir. Səhiyyə və təhsil xərclərinin, əmək haqqı fondunun artımı nəzərdə tutulub. İşqaldan azad olunmuş ərazilərə təxminən ötən ilki qədər məbləğdə (4 milyard manata yaxın) vəsaitin ayrılması planlaşdırılır”, o qeyd edib.

Təhlilçi hesab edir ki, büdcədə dəyişikliklər əsasən risk iştahını artırıb.

“Burada xüsusilə 2025-ci ildə enerji bazarlarındakı fluktasiyalara (qiymətlərin dəyişməsi-red.) dayanıqlıq zəifləyir”.

Həsənov bildirib ki, yeni büdcə ilində minimum əmək haqqının 400 manata çatdırılması (hazırda 345 manatdır) nəzərdə tutulub.

“Bu təxminən 16 faiz artım deməkdir. Dövlət sektorunda çalışan təxminən 300-400 min insanın əmək haqqının artmasına səbəb olacaq. Çünki dövlət sektorunda əmək haqqının hesablanması metodologiyası fərqlidir. Burada bir sıra qeyri ixtisaslı ştatlar üzrə hesablamalar minimum əmək haqqı əsas götürülməsi nisbətində müəyyən edilir. Bu göstərici dəyişəndə digər göstəricilər də dəyişir”.

Onun dediyinə görə, minimum pensiyaların artırılması ilə bağlı hələ konkret rəqəm açıqlanmayıb.

“Amma ümumi hesablamalar göstərir ki, proqnozlar özünü doğruldarsa minimum pensiya həddi təxminən (burada pensiyaçıların sayının artması da ümum rəqəmin formlaşmasına təsir göstərir) 300-310 manata çatdırılması ehtimalı yüksəkdir. Hazırda minimum pensiya 280 manatdır. Bu da artıq 2025-ci il üçün təsdiq edilən ehtiyac meyarından (285 manat nəzərdə tutulub) aşağı göstəricidir”, qeyd edib.

Forum

XS
SM
MD
LG