Azərbaycanlı milli fəal Cavid Nəzmi noyabrın 28-i axşam saatlarında Təbriz Mərkəzi Həbsxanasından zaminə buraxılıb.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Nəzmi məhkəmə prosesi başa çatana qədər müvəqqəti olaraq azad edilib. Mülki zəmanətin məbləği barədə məlumat verilməyib.
Həmçinin, Cavid Nəzmi ilə eyni vaxtda Təbrizdə həbs edilən milli fəal Vəhid Əbhərinin noyabrın 28-də Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsinə köçürüldüyü bildirilib. Əbhərinin də yaxın günlərdə zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılması gözlənilir.
Cavid Nəzmi noyabrın 23-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş, bir neçə gün təhlükəsizlik qüvvələrinin təcridxanasında saxlanıldıqdan sonra şəhərin mərkəzi həbsxanasına köçürülmüşdü.
Təbriz sakini olan türk fəallar Cavid Nəzmi və Vəhid Əbhəri uzun illərdir İranda azərbaycanlıların milli hüquqları ilə bağlı sivil və dinc fəaliyyət göstərirlər. Onlar bu fəaliyyəti səbəbindən dəfələrlə təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qalıblar.
Forum