Cənubi Koreya rəsmiləri bildiriblər ki, bazar günü sərnişin təyyarəsinin uçuş-eniş zolağından çıxaraq beton hasara çırpılması nəticəsində alovlanıb. Nəticədə azı 179 nəfər ölüb.
İlkin məlumatlara görə, Jeju Air təyyarəsi Seuldan təxminən 290 kilometr cənubda yerləşən Muan şəhərinə enərkən təyyarənin şassisi işə düşməyib. İçərisində 181 nəfər olan təyyarə Banqkokdan qayıdırdı. Bu, Cənubi Koreyada baş vermiş ən ölümcül aviasiya fəlakətlərindən biridir.
"Ölən 179 nəfərdən 65-nin şəxsiyyəti müəyyən edilib", Cənubi Koreyanın yanğınsöndürmə agentliyi bildirib.
Ekipaj üzvü olan iki nəfər dağıntılar altından sağ-salamat çıxarılıb. Cənubi Koreya televiziyasında yayımlanan videogörüntülərdə “Boeing 737-800” təyyarəsinin uçuş-eniş zolağından yüksək sürətlə keçərək beton maneə ilə toqquşması və güclü partlayışa səbəb olduğu görünür. Yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.
Muan yanğınsöndürmə xidmətinin rəisi Li Jung-hyun jurnalistlərə deyib: "Təyyarənin yalnız quyruq hissəsi bir az formasını saxlayır, qalan hissəsini tanımaq demək olar ki, qeyri-mümkündr".
Li əlavə edib ki, müstəntiqlər hadisədə mümkün amillər kimi quşların zərbələrini və hava şəraitini araşdırır.
Nəqliyyat Nazirliyinin rəsmisi Joo Jon Van bildirib ki, uçuş məlumatları və kokpit səs yazıları götürülüb.
Forum